Məhkəmə qərarları › İş №8(104)-228/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-228/2025

05.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-228/2025 05.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 8(076)-730/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(076)-1781/2019 saylı qətnaməsi ilə Borclu 08 iyun 2011-ci il təvəllüdlü X3 və 30 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün tutulan 130 manat sabit pul məbləğində alimentin indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 8(076)-730/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, 21 oktyabr 2025-ci il tarixdən başlayaraq, 08 iyun 2011ci il tarixdə doğulmuş Eltun və 30 oktyabr 2012-ci il tarixdə doğulmuş Samir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(076)-1781/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 130 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maddi vəziyyəti çox ağırdır. Yaşlı atasıda hazırda onun himayəsindədir. Daimi iş yeri yoxdur, yalnız iş olandan-olana fəhləlik edir. Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 8(076)-730/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd olunanlar alimentin icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2019-cu il tarixli, 937 nömrəli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 2019-cu il sentyabr 1-dək 180 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2019-cu ildə qəbul edilmiş qətnamə əsasında uşağın saxlanılması üçün müəyyən edilmiş 130 manat sabit aliment məbləği düzgün indeksasiya edilmişdir (130 : 180=0,72). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 8(076)-730/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 8(076)-730/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar