Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-231/2025 11.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi barədə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-156/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-248/2014 nömrəli qətnaməsi ilə 17 fevral 2014-cü il tarixdən cavabdehdən hər ay 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-248/2014 nömrəli qətnaməsinə əsasən 17 fevral 2014-cü il tarixdən hesablanmaqla cavabdehdən hər ay 08 dekabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarına əlavə edilmiş dəyişikliklərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməli, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdir. Ona görə də Qazax Rayon Məhkəməsinin xx.xx.2014- cü il tarixli 2(023)-248/2014 nömrəli qətnaməsi ilə 17 fevral 2014-cü il tarixdən cavabdehdən hər ay 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 8(023)-156/2025 saylı qərardadına əsasən 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Qərardaddan Borclu tərəfindən 23 oktyabr 2025-ci il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Borclu iş üzrə 04 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 8(023)-156/2025 saylı qərardadının ləğv edilməsi, 08 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu həmçinin Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 8(023)- 156/2025 saylı qərardadından vermiş olduğu apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş materillarını tam, obyektiv və hər tərəfli araşdırmayaraq, yalnız tələbkarın və vəkilinin izahatlarına əsasən qərar qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar, birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qərarda göstərdiyi dəlillər, işin hallarına uyğun olmamışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(023)-248/2025 sayılı qətnaməsinə əsasən əsasən, xx.xx.2014-cü il tarixdən hesablanmaqla, Borclu hər ay xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Maddi çətinliyinin olmasına banklara xeyli miqdarda borcumun olmasına rəğmən bu günə qədər o, aliment borcunu hər zaman ödəmişdir. Heç vaxt aliment borcu olmamışdır. Övladı ilə daima ünsiyyətdə olmuşdur. Qızının tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində yaxından iştirak etmişdir. O, qızına, qızı da ona çox bağlıdır. Hesab etmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli, 8(023)-156/2025 sayılı qərardadına əsasən, ödəyəcəyi aliment məbləğinin mimimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən olunması onun indiki maddi çətinliyi ilə ziddiyyət təşkil etməkdədir. Mimimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləği 380 (üç yüz səksən) manat təşkil etməkdədir. Belə bir məbləğin ödənilməsi isə, onun aylıq qazancını, banklara olan kredit borcu, səhhətimdəki problemləri və digər xərclərini də nəzərə almaqla, çox böyük və ağır məbləğdir. Habelə, belə bir vəziyyət gələcəkdə ata ilə uşaq arasında sağlam münasibətlərin gələcəkdə soyumasına, ünsiyyət bağlarının kəsilməsinə və məhkəmə qərardadının icrasının gələcəkdə mümkünsüz hala gəlməsinə səbəb ola bilər. İddiaçı Tələbkar ərizəsində, uşağın hansı xərclərinin artmasını, uşağın hansı tələbatlarının artmasını və hansı səbəbdən alimentin artırılmasını tələb etdiyini əsaslandırmamış və sübut etməmişdir. Onun aylıq gəlirini də nəzərə almaqla, hesab etmişdir ki, ödəyə biləcəyi aliment məbləğinin mimimum əmək haqqının 0,62 misli olması daha uyğundur. Ərizəsinə banklara olan kredir borcunun ödəniş cədvəlinin surətini də əlavə etmişdir. Qazax Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 8(023)-156/2025 saylı qərardadı ilə buraxılmış müddətin bərpa edilməsi, şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 8(023)-156/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-248/2014 nömrəli qətnaməsindən görünür ki, Tələbkar ilə Borclu 16 mart 2013-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində 410 nömrəli qeydlə bağlanmış nikah akt qeydinin pozulması, Borclu 17 fevral 2014-cü ildən başlayaraq aliment hesabına hər ay 100 manat sabit pul məbləğində pul tutularaq 08 dekabr 2013-cü ildə doğulmuş Şükran adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin indeksasiyası zamanı 2014-cü ildə ölkə üzrə müəyyən edilimiş minimum əmək haqqı 105 manat olarkən qətnamə ilə uşağın saxlanılması üçün 100 manat (2014-cü il üzrə minimum əmək haqqının 0,95 mislində) aliment nəzərə alınmışdır. Odur ki, 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2014-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 mislini təşkil etdiyi nəzərə alınmalıdır. Ona görə də, 08 dekabr 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi indeksasiyanı düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası borclunun maddi imkanın aşağı olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumat ilə müəyyən olunur ki, Borclu "xxxx" MMC-də kabel lehimləyicisi vəzifəsində işləyir və 868 manat əməkhaqqı alır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumat ilə müəyyən olunur ki, Borclu müxtəlif bank və elektronika mağazalarından kreditləri olmuş, bir qismi yekunlaşmış, bir qismi isə aktivdir. Apellyasiya şikayətinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Borclu xx.xx.2028-ci il tarixədək aylıq 191,63 manat aktiv kredit ödənişi mövcuddur. Kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi “qət edilmiş aliment məbləğinin indeksasiya olunması” məsələsinə baxmışdır. Hazırki işdə aliment məbləğinin artırılması və ya azaldılması istisna edilir. Borclu alimentin məbləğinin azaldılması ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 110, 232 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-156/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-156/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-231/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-231/2025
11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver