Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-29/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-154/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Goranboy rayon icra və probasiya şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla Goranboy Rayon Məhkəməsinə müraciət edərək, 19 dekabr 1976-cı il təvəllüdlü Goranboy rayonu Baxçakürd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xaiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli 2(045)-488/2012 nömrəli icra sənədinə əsasən Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və surəti Borclu göndərilərək, tələbi könüllü icra etməsi tələb olunmuşdur. Buna baxmayaraq borclu icra sənədi üzrə icranı təmin etməmiş və 2000 manat aliment borcu yaranmışdılr. “Elektron-icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclu mütamadi olaraq ölkə hüdudlarını tərk edir. Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-154/2022 nömrəli qərardadı (hakim İ.Abdurəhmanlı) ilə təqdimat təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli 2(045)-488/2012 nömrəli icra sənədinə əsasən iş üzrə borclu 19 dekabr 1976-cı il təvəllüdlü Goranboy rayonu Baxçakürd kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-155/2022 nömrəli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli 2(045)-488/2012 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus “Qaz 33021” yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin İİ qrup əliliyə görə hər ay 220 manat pensiya alır və xəstə olduğuna görə mütamadi olaraq müalicə alır. Mülkiyyətində olan avtomobilə həbs qoyulmasına və pensiya almasına baxmayaraq qanunsuz olaraq onun ölkədən getmək hüququ məhdudlaşdırlmışdır. Goranboy Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 8(045)-154/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cü maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə görə, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 3-cü maddəsinə görə, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Xlyustov Rusiya Federasiyasına qarşı” iş üzrə 11 iyul 2013-cü il tarixli Qərarında bir daha xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir. Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsəd olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Roymando İtaliyaya qarşı” iş üzrə 22 fevral 1994-cü il tarixli qərarı). Avropa Məhkəməsi qeyd olunan qərarında həmçinin xatırlatmışdır ki, ödənilməmiş borclarla bağlı müəyyən edilən məhdudiyyətin mütənasibliyi ilə münasibətdə, məhdudiyyət yalnız borcların qaytarılmasına təminat verən məqsədlərə çatmağa köməklik göstərdiyindən əsaslı sayılır. Bundan əlavə, əgər sərbəst hərəkət hüququnu məhdudlaşdıran tədbir əvvəldən əsaslandırılmış olsa da, avtomatik olaraq uzun müddətə uzadılarsa, həmin tədbir qeyri-mütənasib olmaqla şəxsin hüquqlarını poza bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Borclunun ölkədən getmək hüququ məhkəmə qərarı əsasında müvəqqəti məhdudlaşdırıldığından, həmin qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Goranboy Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli 2(045)-488/2012 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Goranboy rayon icra və probasiya şöbəsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icrası, eləcədə xəbərdarlıq göndərilmişdir. Lakin borclu icra sənədi üzrə müəyyən olunmuş alimenti ödəməmiş və nəticədə 2000 manat borc yaranmışdır. Ona görədə icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmiş, təqdimata baxan birinci instansiya məhkəməsi də təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlidiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Borclu şikayətində daşınar əmlakına Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-155/2022 nömrəli qərardadı ilə həbs qoyulmasına əsaslanaraq hazırki təqdimatın əsassız olduğunu qeyd etmişdir. Halbu ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.3. maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə bir neçə icra tədbirlərin görülməsi ilə bağlı təqdimat verməkdə haqlı olmuşdur. Goranboy rayon icra və probasiya şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, icra sənədi üzrə Borclu 02 mart 2023-cü ilə 3200 manat aliment borcu var. Eləcədə həmin məktubdan müəyyən olunur ki, borcluya ikinci dərəcə əlil kimi 220 manat pensiya təyin edilmiş, lakin Borclu hesabları “Elektron-icra” informasiya sisteminə inteqrasiya olunmadığından inkasso sərəncamı tərtib etmək mümükün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-154/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 8(045)-154/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-29/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-29/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver