Məhkəmə qərarları › İş №8(104)-31/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-31/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-31/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, İcra sənədinin hissə-hissə icra edilməsi barədə borclu Eyvazov Elmaz Nadir oğlunun ərizəsinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 8(013)-26/2025 nömrəli qərardadından borclu Eyvazov Elmaz Nadir oğlu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Borclu Eyvazov Elmaz Nadir oğlu ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uşaqları xəstədir, onkoloji xəstəlikdən əziyyət çəkən anasında onun himayəsindədir. Ona görədə icra sənədi üzrə tələb olunan 3797.40 manatı birdəfəyə ödəyə bilmir. İcra sənədi üzrə hər ay 150 manat ödəniş edə bilər. Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 8(013)-26/2025 nömrəli (hakim M.Niftəliyev) qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu Eyvazov Elmaz Nadir oğlu şikayət verərək, qərardadın ləğv olunması və Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(013)-2349/2024 nömrəli qətnaməsinin hissə-hissə, yəni hər ay 150 manat olmaqla icra edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(013)-26/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikəyət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 8(013)-26/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda da qeyd olunduğu kimi Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024cü il tarixli, 2(013)-2349/2024 nömrəli qətnaməsinə əsasən Eyvazov Elmaz Nadir oğlundan 3797.40 manat alınaraq Tələbkar ödənilməlidir. Borclu Eyvazov Elmaz Nadir oğlu həmin məbləğin hər ay 150 manat olmaqla hissə-hissə icra olunmasını məhkəmədən xahiş etsədə, birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. və 15.3. maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qətnamə 16 sentyabr 2024-cü il tarixdə qəbul olunmuş və artıq altı aydan artıq müddət keçməsinə baxmayaraq borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Qətnamənin hissə- hissə icra olunması qanunvericilikdə nəzərdə tutulsada, lakin hissə-hissə icra o zaman yolverilən olardı ki, borclunun təklif etdiyi aylıq ödənişin məbləği, tələbkarın mənafelərinə zərər vurmadan qətnamənin icrasını təmin etmiş olsun. Qətnamənin hissə-hissə icrası, məhkəmə qətnaməsinin bir neçə ildə icra olunmasını şərtləndirirsə, bu halda məhkəmənin qətnaməsi tələbkar üçün əhəmiyyətini itirmiş olur və tələbkarın hüquqlarının səmərəsiz müdafiəsinə gətirib çıxarır. Məhkəmə qətnaməsinin bu cür icrası tələbkarın hüquqlarının davamlı olaraq pozulmasına səbəb olur. Borclunun hər ay hissə-hissə ödəmək niyyətində olduğu 150 manat qətnamənin icrasını iki il iki aya yaxın bir müddətdə təmin edər ki, buda yuxarıda qeyd olunduğu kimi kreditorun mənafeyinə uyğun deyil. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 8(013)-26/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 398 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Borclu Eyvazov Elmaz Nadir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 8(013)-26/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar