Məhkəmə qərarları › İş №8(104)-32/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-32/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-32/2025 14.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 8(076)-38/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(104)-1103/2023 nömrəli icra sənədinə əsasən, Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-1103/2023 nömrəli icra sənədinə əsasən Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə aliment borcu 4540 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şəmkir Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 8(076)-38/2025 nömrəli qərardadı ilə (hakim Nazlı Heydərova) təqdimat təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(076)-312/2025 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, qətnamə ilə uşaqların onun yanında yaşaması öz təsdiqini tapmışdır. Eyni zamanda Tələbkar ilə aralarında olan rəsmi nikahdan doğulmuş üç uşağın saxlanması üçün Tələbkar onun hesabına sabit pul formasında aliment müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(076)-38/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Vəkil Nümayəndə işə şifahi icraat qaydasında baxılması barədə vəsatət versə də, lakin iş üzrə əlavə araşdırma aparılmasına və tərəflərin izahatının dinlənilməsinə zərurət olmadığından məhkəmə kollegiyası vəsatəti təmin etməmiş və işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: •məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; •icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; •borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Beləliklə, borcun ödənilməməsi üçün üzürlü səbəbin olmaması, məcburi icra tədbirlərinin həyata keçirilməsinin qanuni əsaslarının mövcudluğu, habelə icra məmuru tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticə vermədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsaslı hesab edilir. Baxılan təqdimatla bağlı işdə, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması üçün qanunda göstərilən bu cür əsaslar vardır və icra məmuru haqlı olaraq hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Çünki, iş materiallarından göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(104)-1103/2023 nömrəli icra sənədinə əsasən, Borclu hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İşin hallarından göründüyü kimi borclu tərəfindən icra sənədinin icrası istiqamətində hər hansı hərəkət edilməmiş və nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icrasız vəziyyətdə qalmışdır. Qeyd olunmalıdır ki, icra sənədi üzrə tələb tam icra edilməmişdir və bu hal tələbkarın da mənafeyini əhəmiyyətli dərəcədə pozur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). İşin qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatın təmin edilməsi qənaətinə gəlmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Bununla belə, Şəmkir Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(076)- 312/2025 saylı qətnaməsi ilə azyaşlı uşaqların ata Borclu himayəsinə verilməsi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 269, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 8(076)-38/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar