Məhkəmə qərarları › İş №8(104)-33/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-33/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-33/2025 18.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 8(076)-70/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-966/2018 nömrəli qətnaməsi ilə Borclu Xanlar oğlu ilə Tələbkar arasında xx.xx.2008-ci il tarixdə Sankt- Peterburq şəhər VVAQ şöbəsində bağlanmış və 916 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş Alisiya, xx.xx.2010cu ildə doğulmuş Günay və xx.xx.2013-cü ildə doğulmuş Nofəl adlı uşaqların cavabdeh Tələbkar yanında qalması, 04 iyul 2018-ci ildən başlayaraq xx.xx.2008-ci ildə doğulmuş Alisiya, xx.xx.2010-cu ildə doğulmuş Günay və xx.xx.2013-cu ildə doğulmuş Nofəl adlı uşaqların yetkinlik yaşına çatanədək saxlanması üçün Borclu Xanlar oğlundan hər ay qazancının(başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin dəyişdirilərək sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1279/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 04 iyul 2018-ci ildən başlayaraq xx.xx.2008ci ildə doğulmuş Alisiya, xx.xx.2010-cu ildə doğulmuş Günay və xx.xx.2013-cu ildə doğulmuş Nofəl adlı uşaqların yetkinlik yaşına çatanədək saxlanması üçün Borclu Xanlar oğlundan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında müəyyən edilən alimentin formasının dəyişdirilməsi və cavabdehdən xx.xx.2008-ci ildə doğulmuş Alisiya, xx.xx.2010-cu ildə doğulmuş Günay və xx.xx.2013-cü ildə doğulmuş Nofəl adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə iddiaçının xeyrinə hər ay 110 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Xanlar oğlundan hər ay uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci ildə anadan olmuş Alisiya, xx.xx.2010-cu ildə anadan olmuş Günay və xx.xx.2013-cü ildə anadan olmuş Nofəl adlı uşaqların saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 1279/2019 saylı qətnaməsi ilə təyin edilmiş 110 manat məbləğində alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 8(076)-70/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1279/2019 nömrəli qətnaməsi ilə hər ay uşaq üçün təyin edilmiş 110 manat məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Xanlar oğlu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətinin onunla əsaslandırmışdır ki, aliment məbləğinin indeksasiya olunması onun maddi vəziyyətini ağırlaşdırmışdır, onun hər ay hər uşaq üçün 244 manat, cəmi 732 manat aliment ödəməyə maddi imkanı yoxdur və məhkəmə bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müyyən olunur ki, tərəflərin nikahına xitam verilərkən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə üç uşağın yetkinlik yaşına çatanədək saxlanması üçün Borclu Xanlar oğlundan hər ay qazancının yarısı miqdarında alimentin tutulması, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli alimentin artırılması tələbi üzrə qəbul edilmiş qətnaməsinə əsasən isə Borclu Xanlar oğlundan hər ay uşağa görə 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2019-cu il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 180 manat müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı 180 manat minimum aylıq əmək haqqının 0,61 mislinə nəzərən hesablanaraq hər uşaq üçün 110 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, 2025-ci ildə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımı, 2019-cu ildə qəbul edilmiş qətnamə əsasında bir uşağın saxlanılması üçün müəyyən edilmiş 110 manat sabit pul məbləğinin artırılmasına münasibətdə düzgün indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi borclu tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar