Məhkəmə qərarları › İş №8(104)-41/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-41/2023

17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-41/2023 17.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(076)-583/2021 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(076)-30/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeyd edilmiş ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(076)-583/2021 nömrəli icra vərəqəsi üzrə borclular Borclu və X1 müştərək qaydada 7590,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. 02 mart 2021-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsində başlanmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin tələb təmin olunmamamışdır. Məcburi icra tədbirləri zamanı Borclu adına qeyd edilmiş ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli fərdi yaşayış evi müəyyən olunmuşdur. İcra sənədinin icrası istiqamətində məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulmasını məqsədəuyğun hesab etmişlər. Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(076)-30/2023 nömrəli (hakim R.Mustafayev) qərardadı ilə təqdimat rədd edilmişdir. Qərardaddan narazı qalan Tələbkar ASC şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instasniya məhkəməsinin qərardadı əsassızdır. İcra vərəqəsinin verilməsindən 2 il keçməsinə baxmayaraq borclu icranı təmin etməmişdir. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 8(076)-30/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1. maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1. maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2. maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6. maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(076)-583/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 7586,88 manat əsas, 3,18 manat faiz, cəmi 7590,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutualaraq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi üzrə Şəmkir rayon icra və probasiya şöbəsi 07 aprel 2021-ci il tarixli qərar qəbul etmiş və tələbin könüllü icrası haqqında borclulara bildiriş göndərilmişdir. Borclular tərəfindən icra vərəqəsinin icrası təmin edilmədiyinə görə icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmiş, təqdimata baxan birinci instansiya məhkəməsi təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Şəmkir rayon Keçili kəndi Əhməd Cavad küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi Borclu yeganə yaşayış yeridir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinentinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir rayon Keçili kəndi Əhməd Cavad küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi borclu və onun ailəsinin yeganə yaşayıış yeri olduğundan icra sənədinin icrasını təmin etmək məqsədilə həmin fərdi yaşayış evinin üzərinə həbsin qoyulması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(076)- 30/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(076)-30/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar