Məhkəmə qərarları › İş №8(104)-42/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-42/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-42/2024 29.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, X1 Bərdə rayon icra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 8(021)- 716/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Xocalı Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli 2(070)-2/2020 nömrəli qətnaməsi ilə X6 övladları 30 iyul 2005-ci il təvəllüdlü X7 və 20 oktyabr 2012-vi il təvəllüdlü X8 ilə hər həftənin cümə, şənbə, habelə bayram günləri saat 15:00-dan 20:00-dək, hər həftənin bazar günləri isə saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət olunmuşdur. Bərdə rayon icra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli qərarı ilə icra sənədi Bakı şəhəri, Sabunçu rayonu icra şöbəsinə göndərilmişdir. X2 ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon icra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 24 iyul 2020-ci iltarixli 2(070)-02/2020 nömrəli qətnaməsi icra olunması üçün 29 aprel 2021-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədinin Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. Halbu ki, keçmiş arvadı Afət Ağayeva və uşaqları Bərdə rayonunda yaşayırlar. Saxta arayış əsasında iş Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmiş və 2 il 6 aydır uşaqları ilə görüşə bilmir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 8(021)-716/2023 nömrəli qərardadı ilə Bərdə rayon İcra və probasiya Şöbəsinin 20 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə X5 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət verərək qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, övladları ilə görüşə maneə yaratmaq üçün Afət Ağayeva saxta arayış alaraq icra orqanına təqdim etmişdir. Buna görə də, icra sənədi Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Halbu ki, uşaqlar Bərdə rayonunda yerləşən orta məktəbdə təhsil alırlar, lakin Afət Ağayeva bir müddətdir ki, onları təhsildən yayındırmışdır. Valideyn olaraq uşaqlarının həyat şəraiti ilə maraqlanmaq, onların təlim və tərbiyəsində iştirak etmək və onlarla zaman keçirmək hüququ var, lakin ondan aslı olmayan səbəblər üzündən bunu edə bilməmiş və bunun nəticəsində mənəvi olaraq sarsılmışdır. X16 epilepsiya xəstəsidir və dərmanlarla müalicə alır, eləcədə psixoloji vəziyyəti stabil deyil. “Şəxsiyyət dəyişməsi” “Şəxsiyyətin psixi qüsur halı” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Afət Ağayeva valideyn olaraq vəzifələrini tam şəkildə yerinə yetirmək iqtidarında deyil və ona da maneələr yaradır. Uşaqlarla təyin edilmiş vaxtlarda görüşünün təşkilində icraçı etinadsızlıq göstərir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 8(021)-716/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli 8(104)-42/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması mümkün hesab edilsədə, lakin zərurət yarandığından həmin məhkəmənin 08 aprel 2024-cü il tarixli 8(104)-42/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 8(021)-716/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Sabuncu rayon İcra şöbəsində iki dəfə olsada, lakin Firdovsi adlı icra məmuru uşaqla ünsiyyəti təmin etməmiş və başqa vaxta qaldığını demişdir. X3 məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etdi. Kollegiya şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 məhkəmə kollegiyasına təqdim etdiyi arayışdan, eləcədə Sabuncu rayon İcra şöbəsinin “Ümüdlü Gələcək” Sosial Təşəbbüslər İçtimai Birliyinə, eləcədə icra sənədi üzrə tərəflərə ünvanladığı məktubdan görünür ki, X14 Bakı şəhəri Sabunçu rayonu, T.Ələsgərli küçəsi, bina 15, mənzil 14-də yaşayır. “İcra haqqında” Azərbaycan Respublikasın Qanununun 10.1. maddəsinə görə, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.3. maddəsinə əsasən, icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Eləcədə həmin Qanunun 10.4. maddəsinə görə, icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, X1 Bərdə rayon icra və probasiya şöbəsinin 20 oktyabr 2023-cü il tarixli qərarından verdiyi şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 8(021)-716/2023 nömrəli qərardadının ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 8(021)-716/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar