Məhkəmə qərarları › İş №8(104)-51/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-51/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-51/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tələbkar Şəmkir Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(076)-3487/2019 nömrəli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(076)-123/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(076)-3487/2019 nömrəli qətnaməsinə əsasən, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş Qəmzə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)-3769/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Tələbkar Şəmkir Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(076)-3487/2019 nömrəli qətnaməsi ilə tutulan alimentin indeksasiyası barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(076)-3487/2019 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Qəmzə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, onun kifayət qədər gəliri və qazancı yoxdur. Mövcud vəziyyətdə uşağını təkbaşına saxlaya bilmir. Hesab edir ki, əvvəllər təyin edilmiş alimentin məbləği indeksasiya yolu ilə artırılmalıdır. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(076)-123/2025 nömrəli qərardadı ilə (hakim Taleh Musayev) ərizə təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü Qəmzə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli, 2(076)-3487/2019 saylı qətnaməsi ilə təyin edilmiş 150 manat alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ildən etibarən bir uşaq üçün hər ay 150 manat aliment ödəyir. Xəstə anasının pensiyasından ödəyir alimenti. Özü xəstədir, heç bir yerdə işləmir. Tələbkar isə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Tələbkar onun həyatının yaxşıya doğruya dəyişməsi barədə heç bir sübut təqdim etməmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 8(076)-123/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu il 1 sentyabr tarixdən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edildiyindən və bu məbləğdə aliment miqdarı həmin il 1 sentyabr tarixdən ölkə üzrə müəyyən edilmiş 250 manat məbləğdə minimum əmək haqqının 0,6 mislini təşkil etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2011-ci il təvəllüdlü Qəmzə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qənaətinə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri əsassız sayılmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(076)-123/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar