Məhkəmə qərarları › İş №8(104)-52/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-52/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-52/2025 23.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(062)-62/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1603/2024 saylı qətnaməsi ilə, Borclu hər ay 185 manat, cəmi 370 manat sabit pul məbləğində alimentin alınaraq xx.xx.2011-ci il təvəllüdlü Elgün və xx.xx.2012-ci il təvəllüdlü Elmir adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət edilmişdir. X1 alimentin indeksasiyası barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1603/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-62/2025 nömrəli qərardadı (hakim Fərid Əliyev) ilə, ərizənin təmin edilməsi, xx.xx.2025-ci ildən hesablanmaqla, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Elgün və xx.xx.2012-ci il təvəllüdlü Elmir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu X1nın xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,54 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu həmin qərardaddan Tovuz Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, onun maddi durumu aliment məbləğini ödəməyə imkan vermir. Əmək haqqı 470 manatdır. Başqa yerdən gəliri yoxdur. Habelə, himayəsində uşağı da vardır. Lakin məhkəmə bunları nəzərə almamış və iddiasını geri qaytarmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-62/2025 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)- 62/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müyyən olunur ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1603/2024 saylı qətnaməsi ilə, Borclu hər ay 185 manat, cəmi 370 manat sabit pul məbləğində alimentin alınaraq xx.xx.2011-ci il təvəllüdlü Elgün və xx.xx.2012-ci il təvəllüdlü Elmir adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Azərbaycan Respublikasının MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında”müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2024-cü il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 345 manat müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı 370 manat minimum aylıq əmək haqqının (185:345=0,54) 0,54 mislinə nəzərən hesablanaraq hər uşaq üçün 185 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2025-ci ildə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımı, 2024-cü ildə qəbul edilmiş qətnamə əsasında iki uşağın saxlanılması üçün müəyyən edilmiş 370 manat sabit pul məbləğinin artırılmasına münasibətdə düzgün indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsi borclu tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-62/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Eyni zamanda Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1, 400 və 400.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-62/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar