Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-53/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-132/2022 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 564/2021 saylı, 2(044)-423/2021 saylı, xx.xx.2021-ci il tarixli, xx.xx.2016-cıil tarixli, 2(044)- 4909/2016 saylı icra sənədləri üzrə Borclu adına qeydiyyatda olan «Mercedes Benz 200 D» minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyularaq cərimə meydançasına salınmasına və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin tələbkarlara ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədləri xx.xx.2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, bu günə qədər tələbi könüllü icra etməmişdir. Hazırda borclunun icra sənədləri üzrə cəmi 8311,80 manat və 2241,70 ABŞ dolları borcu qalmaqdadır. Borclunun yaşadığı ünvanı və ona məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olubolmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və Ədliyyə Nazirliyi Elektron İcra İnformasiya sistemindən Borclu mülkiyyətində Mercedes Benz 200 D minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda olması məlum olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-132/2022 saylı qərardadı ilə (hakim Kənan Hüseynov) ərizə qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-564/2021 saylı, xx.xx.2016-cı il tarixli,2(044)4909/2016 saylı, xx.xx.2021-ci il tarixli, 2(044)-423/2021 saylı, icra sənədləri üzrə Borclu məxsus Mercedes Benz 200 D minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qət edilmişdir. Borclu həmin qərardaddan şikayət verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 8(044)-132/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)564/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi onun tərəfindən icra olunmuşdur.Digə iki icra sənədi cənab Prezidentin xx.xx.2029-cu il tarixli Fərmanın təsiri dairəsinə düşmüş, həmin kreditlər restrukturizasiya olunmuşdur. Mülkiyyətində olan Mercedes Benz 200D minik markalı, 20CD708 dövlət qeydiyyat nişanlı avtomobil ailəni dolandırmaq üçün onun tək qazanc vasitəsidir. Avtomobilə həbs qoyulduğundan texniki baxışdan keçirə bilmir, buna görə hər 20 gündən bir 50 manat cərimə olunur. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(044)132/2022 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-132/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Elektron İcra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu adına Mercedes Benz 200 D minik markalı, ** CD *** dövlət nömrə nişanlı avtomobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanununun 45.6-ci maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-ci maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tələbkarın tələbinin yerinə yetirilməsi üçün borclunun kifayət qədər pul vəsaiti olmadıqda, tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Birinci instansiya məhkəməsi təqdimatı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulmalıdır. Məhkəmə İcra haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki əmlakın üzərinə həbs qoyulması məhkəmənin səlahiyyətinə aid edildiyindən və tələbin əmlaka yönəldilməsinin digər mərhələləri, yəni əmlakın götürülməsi və satılması icra hərəkətləri olduğundan bunun üçün məhkəmə tərəfindən qərardad qəbul edilməli deyildir.Həmçinin, qanunvericilikdə avtomobilin tutularaq cərimə meydançasına salınması kimi məcburi icra tədbiri nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, Borclu şikayət ərizəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 4909/2016 nömrəli və 2(044)-423/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borc məbləğinin restrukturizasiya olunduğunu bildirsə və restrurturizasiya təklif olunan məbləğlə bağlı məlumatı şıkayətə əlavə etsə də, həmin icra sənədləri üzrə tələbkar banklarla onun arasında restrukturizasiya müqaviləsinin bağlanması barədə sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi əksər qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Dövlətin adından qəbul edilmiş məhkəmə qərarının tez və vaxtında icra edilməməsi onu xəyali kağız parçasıa çevirmiş olur. Azərbaycan Respublikası MPM-nin 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 8(044)132/2022 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(044)-132/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-53/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-53/2023
20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver