Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-57/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-134/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-134/2025 nömrəli qərardadı ilə (hakim Nazlı Heydərova), təqdimatın təmin edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması, qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişlər. Şikayətlər onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, o borcun çox hissəsini icra etmişdir. Onun banka az miqdarda borcu qalıb və həmin qalmış borcla bağlı bank ona yenidən ödəniş cədvəli vermişdir. Həmin cədvəl əsasında o 2024-cü il ərzində mütəmadı olaraq ödəniş etmişdir. Buna görə də onun ölkədən kənara çıxmaq hüququnun məhdudlaşdırılmasına ehtiyac qalmayıb. O səhhəti və işi ilə bağlı olaraq teztez ölkə sərhədindən getmək məcburiyyətindədir. O da bu hüquqlarından istifadə edərək məhkəmə qərardadını mübahisələndirir. Məhkəmənin gedişində yenidən ödəniş etmişdir. Eyni zamanda o xəstə adamdır. Səhhəti ilə bağlı olaraq ölkə xaricinə getmək məcburiyyətindədir. O banka olan borcunu danmır və mümkün qədər həmin borcu vaxtında ödəməyə çalışır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-134/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-134/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; -icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; -borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Baxılan təqdimatla bağlı işdə, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırması üçün qanunda göstərilən bu cür əsaslar vardır və birinci instansiya məhkəməsi haqlı olaraq ona münasibətdə təqdimatı təmin etmişdir. Çünki, iş materiallarından göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3667/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 25463.54 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan məhkəmə əmri icraya yönəldilmiş və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli könüllü icra barədə bildirişdən görünür ki, iş üzrə icraat başlanılmış və Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra ilə bağlı təklif edilmişdir. Bundan sonra Şəmkir rayon İcra va Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məhkəmə əmrində göstərilən tələbi müəyyən olunmuş vaxt ərzində könüllü olaraq icra etməmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, adıçəkilən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlilləri ilə bağlı həmçinin qeyd olunmalıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində deyilir ki, «mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı iş “də (19 mart 1997-ci il) qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» 07 may 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Bu müddəalar məhkəmə aktının vaxtında icrasını təmin etmək məqsədinə xidmət edən məcburiyyət tədbirlərinin tətbiq olunmasını şərtləndirir. Lakin, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi, ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmənin baxılan qərarı, bu prinsiplərə cavab verir. Çünki, borclu üçün tətbiq olunan məhdudlaşdırma tələbkarın mülkiyyət hüquqlarının təmin olunması ilə bağlıdır. İşdəki sənədlərdən görünür ki, icra sənədi verildiyi vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, borclu tərəfindən tam icra olunmamışdır. Həmçinin, borclu tərəfindən borc məbləğin tam və ya böyük bir qismini hər-hansı ödəniş etməsi iş materialları ilə müəyyən olunmur. Bu isə borcluların üzrlü səbəb olmadan qərəzli olaraq icra sənədinin icra edilməsindən yayınmaları nəticəsinə gəlməyə əsas verir. Digər tərəfdən isə qətnamənin hissə-hissə icra olunması barədə məhkəmə qərardadı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadını qanuni və əsaslı hesab edir və bildirir ki, şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-134/2025 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-57/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-57/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver