Məhkəmə qərarları › İş №8(104)-58/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-58/2024

11.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-58/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(066)-92/2024 nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: Ərizəçi Borclu ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(066)-92/2024 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev), Göygöl Rayon İcra və Probasiya Şöbəsinin tələbin borclunun əmək haqqına yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(066)-92/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikasının MPM-in 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin, Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Ona görə də, hazırkı mülki iş şikayətin geri qaytarılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(066)-92/2024 nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar