Məhkəmə qərarları › İş №8(104)-59/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-59/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-59/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 nömrəli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 8(076)-280/2024 nömrəli qərardadından Tələbkar tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsininin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 nömrəli icra sənədinə əsasən, Borclu 225064 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi icra olunması üçün Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu icra hüququ ilə verilmiş Şəmkir rayonu “Ceyrançöl” massivi 36,37 saylı qış otlaq sahəsində yerləşən **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, sahəsi 382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış icarə hüququnun üzərinə həbs qoyularaq tələbin ona yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi Şəmkir rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərilmiş, Borclu icarə hüququ ilə verilmiş Şəmkir rayonu “Ceyrançöl” massivi 36,37 saylı qış otlaq sahəsində yerləşən **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, sahəsi 382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydə alındığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun həmin əmlaka münasibətdə dövlət qeydiyyatına alınma hüququna həbs qoyulması və onu satmaq yolu ilə məcburi icra tədbirləri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəmkir Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 8(076)-280/2024 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2688/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu torpaq sahəsinə dair icarə hüququnun üzərinə həbs qoyulmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 4 il 6 aydan artıq müddətdir 225030 manat məbləğində pul vəsaitinin borcludan tutulması barədə icra vərəqəsi icrasız qalmış, icra məmuru tərəfindən cavabdehin adına daşınar və daşınmaz əmlakların və banklarda pul vəsaitinin olub-olmaması tam araşdırılmış, sonda isə tələbin yönəldilə biləcəyi yeganə əmlak kimi Şəmkir rayonu, Ceyrançöl massivi, 36,37 saylı qış otlaq sahəsində yerləşən **********84 reyestr nömrəli ********** qeydiyyat nömrəli sahəsi 382 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququ aşkar olunmuşdur ki, icra məmuru icra hərəkətləri ilə bağlı daha hansı sübutları məhkəməyə təqdim etməli idi? Əgər, işə baxan məhkəmə üçün icra vərəqəsinin icrası maraqlı idisə, bu zaman icra işini tələb edərək müvafiq araşdırma aparmaqla qanuni qərar qəbul edə bilərdi. Birinci instansiya məhkəməsi qeyd edir ki, icarə hüququna həbs qoyulması “İcra haqqında” Qanunda nəzərdə tutulmamış və həmçinin icarəyə verənin razılığı tələb olunur. Məhkəmə nəzərə almır ki, icra məmuru icra sənədi üzrə borclunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi üzərində icarə hüququ üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, tələbin icarə hüququna yönəldilməməsi barədə “İcra haqqında” Qanunda hər hansı qeyd-şərt mövcud deyil. Tələbin yönəldilməsi zamanı icarəyə verənin razılığının olub-olmaması məhz qərarın icrası ilə bağlı məsələ olmaqla, hazırkı vəziyyətdə təqdimatın təmin edilməsindən imtina üçün əsas deyil. Əgər, bu hal məhkəmə üçün maraqlı idisə, bu zaman icarəyə verən Şəmkir rayon İcra Hakimiyyətinə məhkəmə sorğusu verməklə və ya icra hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməklə ədalətli araşdırma hüququndan istifadə edə bilərdi. Şəmkir Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 8(076)-280/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. İş materiallarında olan **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görür ki, Şəmkir rayon İcra Hakimiyyəti Borclu xx.xx.2016-cı il tarixdən xx.xx.2031-ci il müddətinə Şəmkir rayon, Ceyrançol massivi 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsininin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 nömrəli icra sənədinə əsasən, Borclu 225064 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi icra olunması üçün Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tələbi könüllü icra etməmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Şəmkir rayon İcra Hakimiyyəti Borclu xx.xx.2016-cı il tarixdən xx.xx.2031-ci il müddətinə Şəmkir rayon, Ceyrançol massivi 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə verilmişdir. Həmin icarə hüququ da X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İcra məmuru sözügedən icarə hüququnun üzərinə həbs qoyularaq tələbin ona yönəldilməsi barədə hazırkı təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də təqdimatı təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, icarə hüququna həbs qoyulması “İcra haqqında” qanunda nəzərdə tutulmamış, yalnız həmin Qanunun 61.4-cü maddəsində icarə hüququnun hərraca çıxarılması nəzərdə tutulmuşdur ki, həmin hissədə də icarəyə verənin razılığını təsdiq edən sənədin surətinin təqdim edilməsi tələb kimi qeyd edilmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqdimat hazırki vəziyyətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.4-cü maddəsində deyilir ki, uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 - 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən icarə müqaviləsinin surəti, icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti və tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti əlavə edilir. Göründüyü kimi, icra haqqında qanunvericilikdə uzunmüddətli icarə hüququnun hərraca çıxarılması nəzərdə tutulsa da, həmin hüququn üzərinə həbs qoyulması nəzərdə tutulmamışdır. Digər tərəfdən uzunmüddətli icarə hüququnun hərraca çıxarılması üçün icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti tələb edilir ki, hazırkı təqdimata bu sənədlər əlavə edilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin teməmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 8(076)-280/2024 nömrəli qərardadı dəyişdirilmıədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar