Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-59/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X2 Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(042)-39/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə xx.xx.2019-ci il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxılanılması üçün 150 manat alimentin Maraqlı şəxs alınaraq, X6 verilməsi qət edilmişdir. X3 xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə Maraqlı şəxs onun xeyrinə bir uşaq üçün tutulan 150 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.615 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 2018-ci ildə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 04 fevral 2019-cu il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat alimentin cavabdeh Maraqlı şəxs alınaraq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Belə ki, məhkəmə tərəfindən alimentin təyin edildiyi vaxt ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 250 manat olmuşdur. 2025-ci il üçün isə minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(042)-39/2025 nömrəli qərardadı ilə (hakim Fizuli Mirzəquliyev) ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il doğum tarixli X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.615 misli həddində aliment alınaraq, X6 verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu Maraqlı şəxs şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin qismən təmin edilərək alimentin miqdarının hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.375 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, maddi imkanı olduqca aşağıdır. Hər ay övladı üçün 150 manat aliment ödəməyə imkanı çatar. Bu nəzərə alınsa, məhkəmə qətnaməsi ilə tutulan aliment ölkə üzrə minimum əmək haqqının, yəni 400 manatın 0.375 misli miqdarında indeksasiya olunmalıdır. Gədəbəy Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 8(042)-39/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli, Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmalı və qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin mislini düzgün müəyyən etməmiş, o cümlədən yanlışlığa yol verərək indeksasiya edilən aliment məbləğinin ərizənin məhkəməyə verildiyi tarixdən tutulması qənaətinə gəlmişdir. Belə ki, «Minimum aylıq əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, 2020-ci ilin iyul ayında qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edildiyindən və bu məbləğdə aliment miqdarı həmin ilin iyul ayı üzrə ölkədə müəyyən edilmiş 250 manat məbləğdə minimum əmək haqqının 0,6 mislini təşkil edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi isə tutulan alimentin məbləğinin 0.615 misli həddində müəyyən etmişdir. İndeksasiya edilmiş aliment məbləğinin hesablanmasının başlanğıc tarixinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, aliment tutulması barədə iddialardan fərqli olaraq, məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiyası bu barədə qəbul edilmiş qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanır. Şərh olunanlara istinadən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli, Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmalı və qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması müəyyən edilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(042)-39/2025 nömrəli qərardadı dəyişdirilsin. Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(042)-568/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunsun və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində aliment tutulsun və alimentin tutulmasının başlanğıcı qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-59/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-59/2025
22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver