Məhkəmə qərarları › İş №8(104)-62/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-62/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-62/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi və sədrlik edən) Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X1 alimentin indeksasiyası barədə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)- 929/2020 nömrəli qətnaməsi ilə cavabdeh Borclu hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləğinin 2025ci il tarixdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmasını barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı (hakim Elçin Mansırov) ilə, ərizənin təmin edilməsi, X3 ərizəsinin təmin edilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2025 il tarixdən başlayaraq, 05 may 2011-ci ildə tarixdə anadan olmuş X5 və 10 sentyabr 2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə ərizəçinin iştirakını təmin edərək ərizənin onun tərəfindən verilib-verilməməsini araşdırmamışdır. Buna baxmayaraq məhkəmə qanunsuz və əsassız olaraq indeksasiya aparmışdır. O bu qərardadla razı deyildir. Bu indeksasiyanın bu förmada aparılması onun hüquqlarını kobud şəkildə pzmuşdur. O 500 manat əmək haqqı alır. Məhkəmə isə əsassız olaraq 2025-ci il üçün alimentin məbləğini 0,56 misli həddində indeksasiya aparmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ali məhkəməsinin tələblərini də pozmuşdur. Əgər ərizəçi tərəfin niyəti alimentin artırılmasıdırsa bu halda onun ərizsi üzrə icrata xitam verilməlidir. Buna baxmayaraq məhkəmə 11 fevral 2025-ci il tarixdə qərardad qəbul etmişdir. Bununla da onun himayəsində olan uşağının da hüquqlarını pozmuşdur. Məhkəmənin qeyd edilən bu qərardadı rəsmi qaydada ona təqdim edilməmiş və 03 aprel 2025-ci il tarixdə aktivləşdirilmiş e-məhkəmə sistemindəki şəxsi kabinetimdən bu qərardadı götürə bilmişdir. Buna görə də bu qərardaddan şikayət vermək üçün müəyyən edilmiş müddəti ötürməmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)- 16/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müyyən olunur ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsindən görünür ki, 05 may 2011-ci ildə anadan olmuş Səma və 10 sentyabr 2013-cü ildə anadan olmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2020-ci il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 200 manat müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı 200 manat minimum aylıq əmək haqqının 0,56 mislinə nəzərən hesablanaraq hər uşaq üçün 160 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2025-ci ildə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımı, 2020-ci ildə qəbul edilmiş qətnamə əsasında bir uşağın saxlanılması üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğinin artırılmasına münasibətdə düzgün indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Qazax Rayon Məhkəməsi borclu tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Eyni zamanda Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.1, 400 və 400.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar