Məhkəmə qərarları › İş №8(104)-64/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-64/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-64/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Tələbkar, nümayəndəsi (vəkili) Nümayəndə və X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X2 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı (hakim Taleh Musayev) ilə, ərizə təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay müddətinə möhlət verilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Tələbkar nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, həmin hüquq normasına əsasən məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verə bilər. Hansıki, hazırkı halda məhkəmənin icraya möhlət verməsinə əsas kimi evin 338.10 kv.m hissəsinin göstərilməsinin mümkün olmadığı qeyd edilmişdir ki, bunun üçün məhkəmə 6 ay müddət möhlət verməsinə nə əsas var, nə də ehtiyac yoxdur. Həmin evin sənədləri nə vaxt hazır olsa icra da o vaxt olacaqdır, daha bunun üçün əlavə möhlət verilməsi barədə məhkəmə qərardadına ehtiyac yoxdur. Məhkəmə ərizəni təmin edərkən işin icrasına mane olmayan fakta (evin sənədinə) əsaslanmışdır ki, həmin sənəd artıq xx.xx.2024-cü il tarixdə hazır olacaqdır və bu əsasla artıq 2021-ci ildən icra olunmayan qətnamənin daha 6 ay uzadılmasına qətiyyən zərurət yoxdur. Həmin maddəyə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlər verməyə haqlıdır. Hazırkı işdə qətnamənin icrasına möhlət verilməsinə əsas verən heç bir hal mövcud olmadığı halda məhkəmə qeyri-obyektiv, qeyri-qanuni qərardadla qətnamənin icrasına möhlət vermişdir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(104)- 64/2024 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi (vəkilİ) Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən Tələbkar şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən borclunun nümayəndəsi (vəkili) Nümayəndə şikayətin dəlillərini müdafiə edərək və borclunun göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən X2 şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)- 149/2024 nömrəli qərardadı tam və onun əsasında çxıarılmış xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı isə qismən ləğv edilməli, yeni qərardad çıxarılmaqla ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizənin hüquqi həlli ilə bağlı kollegiya göstərir ki, borclunun tələbinin əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-in 231.1-ci maddəsində yazılmışdır ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işin həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, «İcra haqqında» Qanunun yuxarıda göstərilən 15-ci maddəsində məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur. Lakin qətnamənin icrasına möhlət verilməsi barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. İlk növbədə nəzərə alınmalıdır ki, borclunun tələbi, məhkəmə qətnaməsinin icra olunması tədbirləri ilə bağlı olmaqla yanaşı, tələbkarın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyada təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsi ilə sıx əlaqəsi vardır və məhkəmə qaydasında mübahisələndirilən hallara aiddir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququ nəzərdə tutulmuşdur. Konvensiyanın 13-cü maddəsində deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ təkcə işə baxılıb yekun qərarın çıxarılması mərhələsini deyil, həm də yekun qərarın icrası başa çatanadək olan dövrü əhatə edir. Yəni şəxsin hüquqlarının bərpa edilməsi haqqında qərarın çıxarılması hələ özlüyündə səmərəli məhkəmə müdafiəsi demək deyildir. İş üzrə sadəcə məhkəmə qərarının çıxarılması və bu qərarın icra olunmaması pozulmuş hüququn xəyali müdafiəsi olardı. Bu mənada şəxsin səmərəli məhkəmə müdafiəsi hüququ onun işinə ədalətli baxılması ilə yanaşı, çıxarılan qərarın da vaxtında icra olunmasını ehtiva edir. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərarında isə göstərmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Qeyd olunanlara əsasən qətnamənin icrasına möhlət verilməsi barədə ərizə həll olunarkən, nəzərə alınmalıdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə görə hər hansı əmlak tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələbkara məxsus mülkiyyət hüququna aid edilir və həmin qərarın icra olunmaması ədalətli məhkəmə araşdırması hüququ ilə yanaşı həm də mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir (bax: Fuklev Ukraynaya qarşı, Tarverdiyev Azərbaycana qarşı, Burdov Rusiyaya qarşı, Proda Moldaviyaya qarşı və s. işlər üzrə qərarlar). Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 2.1-ci maddəsinə görə mülki mühakimə icraatının vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının MPM-in 3-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan hüquqi prinsiplərə görə, hüququn müdafiəsinin səmərəliliyi üçün sözügedən məhkəmə qərarının qanunla müəyyən olunmuş müddətdə, yaxud ləngiməsinə haqq qazandıran vəziyyətdən asılı olaraq ağlabatan müddətdə icrası təmin olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquqi əsaslar baxımından borcluların ərizəsini təhlil edərək ilk növbədə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi barədə tələb irəli sürmək borclunun qanundan irəli gələn hüququdur. Lakin, borclunun bu tələbi qeyd olunan hüquqi prinsiplər əsasında həll olunmalıdır. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X5, X7 və X8 iddiaçı Tələbkar Süitan oğlunun mülkiyyətində olan və Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kvadratmetr fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli qətnaməsinə əsasən Tələbkar mülkiyyətində olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.4849 ha torpaq sahəsinə dair verilmiş 22 iyul 2020-ci il tarixli, (********** və **********60-10301) nömrəli Çıxarış ləğv olunduğu üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1719 /2023 saylı icra vərəqəsinə əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kvadrat metr olan fərdi yaşayış evinin göstərilməsi onlar tərəfindən mümkün olmamışdır. Lakin baxılan işdən görünür ki, tələbkarın mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə edən borcluların mübahisəli əmlakdan çıxarılması barədə qətnamənin qanuni qüvvəyə minməsindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, indiyə qədər icra olunmamışdır. Uzun müddət keçdikdən sonra borclu Nailə Cəfərova qətnamənin icrasına möhlət verilməsi barədə ərizə vermişdir. Keçən müddət ərzində isə borclunun kifayət qədər vaxtı və imkanları olmuşdur. Hazırda isə borcluların tələbkarın mülkiyyətində olan əmlakdan çıxarılmasının əlavə olaraq 06 ayadək yenidən uzadılması qətnamənin icrasının əsassız olaraq uzadılmasına və tələbkarın hüquqlarının səmərəsiz müdafiəsinə gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcluların ərizəsini təmin etməkdə haqlı olmamışdır. Həmin qərar, həm işin hallarına, həm də yuxarıda göstərilən hüquqi prinsiplərə uyğun deyildir. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tələbkarın ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməli, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı tam və onun əsasında çxıarılmış xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı isə qismən ləğv edilməli, yeni qərardad çıxarılmaqla ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı tam və onun əsasında çxıarılmış xx.xx.2024-cü il tarixli, 8(076)-149/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar