Məhkəmə qərarları › İş №8(104)-67/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-67/2024

29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-67/2024 29.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, X1 Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-1413/2023 nömrəli icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair həmin məhkəmənin 25 aprel 2024-cü il tarixli 8(021)-157/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon icra və probasiya şöbəsinin 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-1413/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 8(021)-157/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Mətləb Ələkbərovun 28 fevral 2024-cü il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi; Bərdə Rayon Məhkəməsinin 2(021)- 1413/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizənin təmin olunmamasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(021)-157/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5. maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Həmin Qanunun 20.6. maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 23.1. maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2. maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3. maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-1413/2023 nömrəli qətnaməsi ilə Borclu Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0460 ha hissəsindən çıxarılması, torpaq sahəsinin kənarından keçən su kanalının Borclu tərəfindən açılıb təmizlənməsi və zəbt edilmiş əraziyə qoyulmuş darvazanın götürülməsi qət edilmişdir. Qətnamə icra edildiyindən Bərdə rayon icra və probasiya şöbəsinin 28 fevral 2024-cü il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-1413/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq Borclu yenidən həmin torpaq sahəsini tutmuşdur. Ona görədə tələbkar icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsidə ərizəni təmin etmişdir. Kollegiyada hesab edir ki, ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Borclu vermiş olduğu şikayətdə icra sənədinin icra olunduğunu qeyd etməklə yanaşı, göstərmişdir ki, Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış və tələbkara torpaq sahəsinin verilməsi ilə bağlı Bələdiyyənin qərarını mübahisələndirmiş, torpaq sahıəsini hasarlamamış, eləcədə əgər tərəfindən maneyə varsa onda tələbkarın yenidən maneyənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ, iddia ərizəsi verilməklə mülki işin başlanmasından məhkəmə aktının icrasınadək olan bütün dövrü əhatə edir. Mövcud olan ənənəvi hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması həm də məhkəmə aktının icrasının səmərəliliyini tələb edir. Bu baxımdan, icra məsələləri ilə bağlı məhkəmə arışdırmasında mülki-prosessual qanunvericiliyin bütün prinsip və qaydalarına tam əməl olunmalıdır. Diqqətə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya yuxarıdaqeyd olunanları nəzərə alaraq hesab edir ki, icra sənədi üzrə icraata xitam verildikdən sonra borclunun yenidən icra sənədində göstərilən torpaq sahəsini tutması icra sənədinin tam icra olunması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 8(021)-157/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 8(021)-157/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar