Məhkəmə qərarları › İş №8(104)-68/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-68/2023

18.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-68/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2-1(83)-74/2016 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəmkir rayon İcra Hakimiyyətinin əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 8(076)- 203/2023 nömrəli qərardadından tələbkar X2 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətində olan “Khazar” minik markalı ** AA ***, “VAZ 2123 Chevrolet NİVA MİN” markalı ** AA ***, “Chevrolet NİVA 21230L” minik markalı ** AA ***, “Khazar” minik markalı ** AA ***, “VAZ 2123 Chevrolet NİVA MİNİ” markalı ** AA ***, “Chevrolet NİVA 2123” minik markalı ** AA ***, “Khazar” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2-1(83)-74/2016 nömrəli icra sənədinə əsasən borclu Şəmkir rayon İcra Hakimiyyətindən vurulmuş ziyana görə 67855 manat tutularaq tələbkar X1 ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə borcluya göndərilmişdir. Könüllü icra müddətində borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanması barədə sorğular göndərilmişdir. “Elektron icra “ informasuya sistemindən çıxarışa əsasən borclu Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətində “Khazar” minik markalı ** AA ***, “VAZ 2123 Chevrolet NİVA MİN” markalı ** AA ***, “Chevrolet NİVA 21230L” minik markalı ** AA ***, “Khazar” minik markalı ** AA ***, “VAZ 2123 Chevrolet NİVA MİNİ” markalı ** AA ***, “Chevrolet NİVA 2123” minik markalı ** AA ***, “Khazar” minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillər olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulmalı və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq olunmalıdır. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 8(076)-203/2023 nömrəli (hakim R.Mustafayev) qərardadı ilə təqdimat rədd edilmişdir. Qərardaddan narazı qalan tələbkar X2 şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə subutlara qiymət vermədən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qərardad çıxarmışdır. Şəmkir Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 8(076)-203/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1. maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1. maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2. maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6. maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2-1(83)-74/2016 nömrəli icra sənədinə əsasən borclu Şəmkir rayon İcra Hakimiyyətindən vurulmuş ziyana görə 67855 manat tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi üzrə Şəmkir rayon icra və probasiya şöbəsi 03 oktyabr 2022-ci il tarixli qərar qəbul etmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu tərəfindən icra vərəqəsinin icrası təmin edilmədiyinə görə icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmiş, təqdimata baxan birinci instansiya məhkəməsi də təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının hər il təsdiq edilən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanununda funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində “Xərclərin istiqamətləri” müəyyən edilir. Həmin istiqamətlər üzrə əsas bölmələrlə yanaşı “Əsas bölmələrə aid edilməyən sair xərclər” bölməsi və həmin bölmənin tərkibində “digər xidmətlər üzrə xərclər” köməkçi bölməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222990-cı paraqrafı bilavasitə “Məhkəmə qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”ni nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinə yuxarıda qeyd olunan vəsait ayrılmadığından Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2-1(83)-74/2016 nömrəli icra sənədinin icrası təmin edilməmişdir. Göründüyü kimi, borclu Şəmkir rayon İcra Hakimiyyəti icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılacağı təqdirdə icra sənədinin icrası təmin olunacaq. Balansda olan xidməti avtomobillərin üzərinə həbsin qoyulması isə Şəmkir rayon İcra Hakimiyyətinin iş fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olar ki, bu da özlüyündə yolverilməzdir. Ona görədə kollegiya hesab edir ki, təqdimatı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 8(076)-203/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 8(076)-203/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar