Məhkəmə qərarları › İş №8(104)-70/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-70/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-70/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, X1 Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(023)-1837/2017 nömrəli qətnaməsinə əsasən Borclu tutulmuş pulun indeksasiya edilməsi barədə ərizəsinə dair Qazax Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(023)-23/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 nömrəli qətnaməsi ilə Borclu ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının dəyəri olan pulların indeksasiya olunmaqla hazırda dəyəri olan pulla, yəni ümumi çəkisi 172 qram olan, 583 əyarla qızıl-zinət əşyalarının ümumi qiyməti 22360 manat və ümumi çəkisi 21,1 qram olan 750 əyarlı, brilliant qaşlı qızıl-zinət əşyalarının ümumi qiyməti 5275 manat, ümumilikdə 27635 manatın alınıb ona verilməsi barədə qərardad çıxarılmasını və həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(023)-23/2025 nömrəli qərardadı ilə Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2(023)-1837/2017 saylı qətnaməsinə əsasən Borclu X3 xeyrinə tutulmuş pulun indeksasiya edilməsi barədə X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət verərək, ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 8(023)-23/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 232.1. maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2. maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3. maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütanəsib olaraq artırılması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 maddəsinə görə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunun bu müddəası qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin qətnamənin icrası zamanı baş vermiş və ya davam edən inflyasiyaya görə indeksasiyasının aparılmasını deyil, məhkəmə tərəfindən indeksasiya haqqında məsələyə qətnamənin icrası zamanı baxılmasını nəzərdə tutur. Şərh olunan maddə göstərilən “qətnamənin icrası zamanı” ifadəsi həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan qətnamənin tam icra olunmasına qədər olan müddəti ehtiva edir. Beləliklə qətnamənin çıxarılmasına qədər, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunmasına qədər və qətnamənin tam icra olunduqdan sonra, həmçinin qətnamənin qanuni qüvvəyə minmədiyi və ya qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmədiyi hallarda indeksasiyanın aparılması haqqında ərizəyə məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(023)-1837/2017 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 6034 manat və ödənilmiş 16 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. X8 isə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin, yəni 6034 manatın müvafiq indeksasiyasını deyil, qətnamədə adları göstərilən qızıl-zinət əşyalarının dəyərinin indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Halbu ki, yuxarıda da qeyd olunduğu kimi mülki prosessual qanunvericilikdə qətnamə əsasında ödənilməli olan pul məbləğinin indeksasiyası nəzərdə tutulur. Ona görədə kollegiya hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(023)-23/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar