Məhkəmə qərarları › İş №8(104)-71/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-71/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-71/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 8(125)-238/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-204/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 30 aprel 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 10 sentyabr 2012-ci ildə doğulmuş X3 anası – iddiaçı Tələbkar yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 136 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 10 sentyabr 2012-ci il təvəllüdlü X1 üçün 136 manat miqdarında sabit pul məbləğində alimentin hazırda uşağın saxlanması üçün kifayət etmədiyini bildirərək aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-238/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-204/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, Borclu hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətinin onunla əsaslandırmışdır ki, onun daimi iş yeri yoxdur və 7 aydır yenidən ailə quraraq anası ilə birgə yaşayır. Ailəsi üç nəfərdən ibarətdir. Anası yaşlı və xəstədir, daimi müalicə alır. Onun pensiyası və aldığı bank kreditləri hesabına 150 manat alimenti (136 manat əvəzinə) bir təhər ödəyir. Məhkəmə qərar verərkən onun işləmədiyini, anasının yaşlı və xəstə olmasını, yeni ailə qurduğunu və yoldaşının hamilə olduğunu nəzərə almadan 136 manat alimenti 380 manata qaldırmışdır. Əvvəlki məbləği anasının köməkliyi ilə çətinliklə ödəmiş və həmin məbləğ üç dəfəyə yaxın artırılmışdır. Məhkəmə onun maddi durumunu, ikinci dəfə ailə qurduğunu, ailənin yeganə gəlirinin anasının aldığı təqaüd olmasını nəzərə almamışdır. Şikayətə baxmış Gəncə Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiya əmsalını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2018-ci il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 130 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, 2018-ci ilin mart ayında qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 136 manat sabit pul məbləğində aliment müəyyən edildiyindən və bu məbləğdə aliment miqdarı həmin il üzrə ölkədə müəyyən edilmiş 130 manat məbləğdə minimum əmək haqqının 1,05 mislini(136/130) təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tutulan alimentin məbləğinin 0,95 misli(130/136) həddində müəyyən etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(043)-204/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmalı və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Odur ki, Məhkəmə Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-238/2025 nömrəli, qərardadı ləğv edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(043)- 204/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunsun və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar