Məhkəmə qərarları › İş №8(104)-76/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-76/2024

06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-76/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X2 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi boş ərazi deyildir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi və qeyri-yaşayış binaları mövcuddur. Həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları cavabdehlərin mülkiyyətində və digər ailə üzvlərinin istifadəsindədir. Evdə ailə olaraq çoxlu sayda adamlar yaşayır. Lakin məhkəmə qətnaməsində evlə bağlı mübahisə predmeti olmamış, orada yaşayan şəxslərin həmin evlə bağlı hüquqları aydınlaşdırılmamışdır. Bu səbəbdən hesab edir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və yardımçı tikililərlə bağlı məhkəmədə iddia tələbinin olub-olmaması, cavabdehlərin həmin evdən çıxarılmasına dair qərar qəbul edilib-edilməməsi, həyətyanı torpaq sahəsindən çıxarılma dedikdə həmin torpaq sahəsinin üzərində yerləşən evdən və yardımçı tikililərdən də, çıxarılma halının olub-olmaması müəyyənləşdirilməlidir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-375/2024 saylı qəraradadı ilə (hakim Taleh Musayev) ərizənin təmin edilməməsi, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 8(076)-375/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadından verilmiş şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 42-ci fəsli, birinci instansiya məhkəməsinin qərardadından şikayətin yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməsi nəzərdə tutmuşdur (MPM-nin 267.3-cü maddəsi). Lakin, hazırki işdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə tərəfindən şikayət deyil, apellyasiya şikayəti verilmiş və şikayət işə baxan məhkəməyə deyil, Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmışdır. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilməmişdir. Göründüyü kimi, şikayət Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan qərardaddan şikayətə baxaraq apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 108.1.6-cı maddəsinə əsasən, iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadı ləğv edilməli və şikayətin mümkünlük məsələsinin araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(076)-375/2024 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar