Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-77/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağdam rayon icra və probasiya şöbəsinin icra məmuru Babək Atayevin borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 8(013)-99/2022 nömrəli qərardadından Borclu2 Müstəcəf oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli 2(004)-4411/2016 nömrəli qətnaməsinə əsasən 8940 ABŞ dolları əsas borc, 1831 ABŞ dolları faiz borcu, cəmi 10771 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat Borclu1 və Borclu2 müştərək qaydada tutularaq Tələbkar İKB-yə ödənilməsi; Xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması; 10 manat dövlət rüsumu Borclu1 və Borclu2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar Ağdam rayon icra və probasiya şöbəsinin icra məmuru Babək Atayev təqdimatla Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Borclu2 adına qeydiyyata alınmış “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq cərimə meydançasına yerləşdirilməsi və tələbin həmin avtomobilə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi borclulara tərəfindən qismən icra edilsədə, lakin 6161,99 ABŞ dollar ödənilməmişdir. “Elektron icra” informasiya sisteminə əsasən borclulardan Borclu2 mülkiyyətində “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən həmin avtomobil üzərində sərəncam vermək hüququna məhdudiyyat qoyulması zəruridir. Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 8(013)-99/2022 nömrəli (hakim M.Niftəliyev) qərardadı ilə təqdimat əsaslı olduğundan təmin edilməsi; Borclu2 Müstəcəf oğlunun adına olan “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, avtomşın saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi və tələb həmin avtomobilə yönəldilməsi; Qərardadın icrası Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu2 Müstəcəf oğlu şikayət verərək, qərardadın ləğv edilməsi və təqdimatın təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və yeganə qazanc vaisitəsidir. Digər Borclu1 müəyyən cədvəl əsasında borcun ödənilməsinə cəhd edir. Avtomobilin çərimə meydançasına yerləşdirilməsi onun zəruri ehtiyaclarının qarşılanmasından məhrum olunmasıdır. Halbu ki, istənilən zaman avtomobili təqdim edə bilər. Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 8(013)-99/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1. maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1. maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə müvafiq olaraq, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6. maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli 2(004)-4411/2016 nömrəli qətnaməsi ilə 8940 ABŞ dolları əsas borc, 1831 ABŞ dolları faiz borcu, cəmi 10771 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti Borclu1 və Borclu2 müştərək qaydada tutularaq Tələbkar İKB-yə ödənilməli; Xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması; 10 manat dövlət rüsumu Borclu1 və Borclu2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamə əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyəti araşdırılmış və Borclu2 Müscədəf oğlunun mülkiyyətində “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Ona görədə icra məmuru hazır ki, təqdimatla məhkəməyə müraciət etmiş, təqdimata baxan birinci instansiya məhkəməsi də onu təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Beləki, birinci instansiya məhkəməsi Borclu2 Müstəcəf oğlunun adına olan “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və tələbin həmin avtomobilə yönəldilməsi hissədə düzgün nəticəyə gəlsədə, lakin avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirmsi hissədə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunduğu kimi “Opel Astra” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu2 Müstəcəf oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Kollegiya hesab edir ki, Borclu2 mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxılanılması sonuncunun həmin əmlakdan istifadəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Təqdimata baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən təqdimatı həmin hissədə də təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 8(013)- 99/2022 nömrəli qərardadı “Borclu2 Müstəcəf oğlunun adına olan “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına yerləşdirilməsi” hissədə ləğv olunmalı, təqdimat həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu2 Müstəcəf oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 8(013)-99/2022 nömrəli qərardadı “Borclu2 Müstəcəf oğlunun adına olan “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına yerləşdirilməsi” hissədə ləğv edilsin. Təqdimat həmin hissədə, yəni Borclu2 adına qeydiyyata alınmış “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına yerləşdirilməsi hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-77/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-77/2023
02.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver