Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-79/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadından tələbkarın nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2- 2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 2054.27 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınaraq DSMF-nin Şəmkir Rayon Şöbəsinə ödənilməsi əmr edilmişdir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Borclu adına olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat rədd edilmişdir. Qərardaddan narazı qalan tələbkar DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndələri Kənan Niyazalı və Arzu Ağakişiyeva birlikdə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışlar ki, borclu könüllü icra müddətində icra üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq sorğular verilmiş və müəyyən edilmişdir ki, onun adına “VAZ 2109” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Odur ki, Şəmkir rayon İcra və Porbasiya şöbəsinin icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmiş, lakin təqdimat təmin edilməmişdir. Qeyd etmişlər ki, sözügedən iş üzrə borclu tərəfindən ödənilməli olan məbləğ vaxtaşırı ödəmələrə aid deyil. Həmçinin iş üzrə borclunun əmlakı mövcuddur və məhkəmədə həmin əmlakın üzərinə həbs qoyulması ilə bağlı təqdimata baxılmışdır. Odur ki, məhkəmənin borclunun 450 manat əmək haqqı almasını əsas gətirərək təqdimatı rədd etməsi qanunun müvafiq tələblərinə uyğun deyildir. Bu səbəbdən də şikayətinin təmin edilməsini, qərardadın ləğv edilərək təqdimatın təmin edilməsini xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 26 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib edilmədiyindən geri qaytarılmışdır. Tələbkar DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndələri Kənan Niyazalı və Arzu Ağakişiyeva yenidən birlikdə şikayət və şikayət müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizə verərək, Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadının ləğv edilərək təqdimatın təmin edilməsini xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 16 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 16 may 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş: Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixliicra sənədindən görünür ki, Borclu 2054.27 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq DSMF-nin Şəmkir Rayon Şöbəsinə ödənilməsi əmr edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Borclu Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişin üzərinə imzalayaraq qəbul etmişdir. Elektron portal məlumatından görünür ki, Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həmçinin o, X1 İdarəsində bədii rəhbər işləməklə 450 manat əmək haqqı təşkil edir. Tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclu üzərinə imza etməklə qəbul etmişdir. Təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin normalarının məzmunundan da göründüyü kimi tələbkarın tələbinin yerinə yetirilməsi üçün borclunun kifayət qədər pul vəsaiti olmadıqda tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülərək satılmasından ibarətdir. İcra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatı əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bunun üçün isə borclunun kifayət qədər pul vəsaiti olmamalıdır. Məhkəmə hesab etmişdir ki, Borclu X1 İdarəsində bədii rəhbər işləməklə 450 manat əmək haqqı alması və kifayət qədər pul vəsaitinə malik olması müəyyən olunduğundan, tələbin ödənilməsi üçün borclunun pul vəsaitinə yönəldilməsi imkanı itirilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün Borclu adına olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 2054.27 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınaraq DSMFnin Şəmkir Rayon Şöbəsinə ödənilməsi əmr edilmiş, icra sənədi xx.xx.2015-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmiş, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmiş, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Kollegiya qeyd edir ki, icra səndinin qəbul olunmasından artıq 8 il keçməsinə baxmayaraq borclu könüllü şəkildə icra sənədi üzrə borcunu ödəməmiş, onun bu davranışı həm qanunvericiliyin, həm də tələbkarın hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, qanunvericiliyimizin məhkəmə qərarlarının icrası qaydalarını və müddətlərini təsbit edən normalarının birgə təhlilinin nəticəsi və Avropa Konvensiyasının 6-cı maddəsi tələb edir ki, məhkəmə qərarları əsassız ləngiməyə yol verilmədən ağlabatan müddət ərzində icra olunsun. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Plenum qərarına görə əgər məhkəmə qətnaməsi icra olunmamışdırsa, deməli, həmin iş üzrə məhkəmə baxışı da başa çatmamışdır. Əgər icra prosesi illərlə yubanırsa, tərəfin pozulmuş hüququ ilə bağlı məhkəmə araşdırmasının ağlabatan müddət ərzində həyata keçirilməsinə olan hüququ pozulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə görə həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, təqdimatı əsaslı hesab edən kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə əmri əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi təkcə fərdi maraq obyekti, yəni yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil. Bu, həm də ictimai maraq obyektidir. Cəmiyyət və dövlətimiz qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır. Ona görədə kollegiya hesab edir ki, tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 16 may 2023-cü il tarixli qərardadı qismənşikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev tərəfindən verilmiş təqdimat təmin edilərək Borclu məxsus olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)- 1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir və hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPMin 263, 264, 372, 397, 398.0.2, 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Tələbkarın nümayəndələri tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 8(076)-76/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 16 may 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-79/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-79/2023
06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver