Məhkəmə qərarları › İş №8(104)-82/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-82/2024

04.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-82/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-256/2024 nömrəli qərardadından Borclu Məzhir qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(076)-78/2023 saylı qətnaməsi ilə Borclu məxsus cehiz əşyalarının Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və Borclu 100 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qərardaddan narazı olduğuna görə şikayət vermək istədiyini, lakin üzürlü səbəbdən şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünü bildirib, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Gədəbəy şəhərində yaşamır, 3 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Bu səbəbdən onun ünvanına göndərilmiş qərardad onun tərəfindən götürülməmiş, xəbərnamədəki imza ona məxsus deyildir. Bu səbəbdən qərardaddan şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsi üzrlü hesab edilməlidir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsini, şikayətin icraata qəbul edilməsini, mahiyyəti üzrə baxılmasını, aidiyyətı üzrə göndərilməsini və ya qərardadı ləğv edib təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-256/2024 nömrəli qərardadı ilə (hakim Z.Allahyarov) Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatı üzrə Borclu münasibətdə Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadından şikayət verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 8(076)-256/2024 saylı qərardadının ləğv edilməsini və buraxılmış şikayət vermə müddətimin bərpa edilərək və Şəmkir rayon icra və Probasiya Şöbəsinin icra məmurunun onun məcburi gətirilməsinə dair təqdimatının təmin edilmədən geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə razı deyil. Belə ki, qərardad yalnız icra məmurunun yalan dolu məlumatları əsasında baxılmış və buraxılmış şikayət vermə müddəti əsassız şəkildə bərpasından imtina edilmişdir. Hər hansı maddi və ya prosessual hüquq normasında cehiz əşyalarının çıxarılması ilə bağlı onun məcburi gətirilməyi nəzərdə tutulmamışdır və cehiz əşyası bir halda ki, ona məxsusdur və o üzrlü səbəbdən gəlib iştirak edə bilmir və bunu icra məmuru bildiyi halda icra hərəkətlərini davam etdirmir və ya icra sənədi üzrə icaraata xitam vermə haqqında qərar qəbul etmir. Ancaq bu hərəkətləri özü sərbəst şəkildə edə bilər, cehiz əşyalarını və ya əmlakı saxlama məntəqəsinə və yaxud da ki, tələbkarın özünə müvafiq akt və protokolla təqdim edə bilər. Birmənalı şəkildə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin məcburi gətirməyə dair təqdimatında göstərdiyi dəlillər və arqumentlər əsassızdır və təqdimat təmin edilə bilməz. Əslində həmin mübahisə ilə bağlı məhkəmənin təqdimata baxması əsassızdır və məhkəmə birmənalı şəkildə həmin təqdimatın geri qaytarılması və ya təmin edilməməsi barədə qərardad qəbul edə bilərdi. Onun cəmi 100 manat dövlət rüsumuna dair borcu var idi və həmin borc da onun əmək haqqısına yönləndirilmiş və tutulmuşdur. Qətnamənin digər tələb hissəsində məcburi qaydada həmin icra hərəkətində iştirak etməyi onun öz iradəsindən asılıdır və heç bir məcbiyyət tədbirinin aparılmasına yol verilə bilməz. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı ilə Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)- 256/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları ərizəyə əlavə etməmiş, bu isə onu deməyə əsas verir ki, borclu formal şəkildə özünə haqq qazandırmaq məqsədilə belə bir iddia irəli sürmüş və qeyd olunan halı məhkəmə əsaslı səbəb kimi qəbul etmir. Əksinə, borclu ərizəsində Gədəbəy şəhərində yaşamadığını, 3 ildən artıqdır ki, Bakı şəhərində yaşadığını qeyd etsə də, xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı teleqram ilə həmin halı özü təkzib etmişdir. Belə ki, həmin teleqramla müəyyən edilir ki, borclu teleqramı X2 Şöbəsindən ünvanlamış, öz ünvanını da məhz qərardadın göndərildiyi “ünvan 5tmişdir. Bu isə belə qəti qərara gəlməyə əsas verir ki, borclu həqiqətən “ünvan 6 ünvana göndərilmiş məhkəmə qərardadını da məhz borclu özü əldə etmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş şikayətində “Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadının xx.xx.2024-cü il tarixdə Gədəbəy poçtuna daxil olmasını, xx.xx.2024-cü il tarixdə isə rəsmi olaraq ona təqdim edilməsini” qeyd etmişdir. Düzdür, həmin hala məhkəmənin 24 iyun 2024-cü il tarixli qərardadında qiymət verilmiş və borclu qərardadın xx.xx.2024-cü il tarixdə Gədəbəy poçtuna daxil olmasına sübut kimi “poçt zərfi” adlandırdığı sənədi şikayətinə əlavə etsə də, həmin “poçt zərfi” adlandırdığı sənəddə ştamp tarixinin xx.xx.2024-cü il tarix deyil, xx.xx.2024-cü il tarix qeyd edilməsi, borclunun məcburi gətirilməsi haqqında təqdimatın isə ümumiyyətlə aprel ayında deyil, xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olması müəyyən edilmişdir. Həmin vaxtda da borclu özünə haqqı qazandırmaq üçün hazırki işlə heç bir əlasəqi olmayan xx.xx.2024-cü il tarixli “poçt zərfi” adlandırdığı sənədi şikayətinə əlavə etmiş, bununla da guya qərardaddan vaxtında şikayət verdiyini iddia etmək istəmişdir. (İş səh. 49-54) Borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş şikayətində “Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadının xx.xx.2024-cü il tarixdə Gədəbəy poçtuna daxil olmasını, xx.xx.2024-cü il tarixdə isə rəsmi olaraq ona təqdim edilməsini” qeyd etməklə də, bir daha Gədəbəy şəhərində yaşamasını özü təsdiq etmişdir. Hazırki vəziyyətdə isə borclu icra sənədində göstərilən tələbləri yerinə yetirməmək, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən boyun qaçırmaq, nəticə etibarilə məhkəmə aktının icrasından qərəzli yayınmaq məqsədilə heç bir dəlil-sübuta əsaslanmayan halları ərizəsində qeyd etmişdir. Bütün qeyd olunan hallar onu deməyə əsas vermişdir ki, borclu mübahisələndirdiyi qərardadı əldə etməsinə baxmayaraq, şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, borclu vaxtında qərardaddan şikayət verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmiş, əvvəlki şikayəti ilə hazırki ərizəsində üst-üstə düşməyən, ziddiyyətli hallar qeyd etməklə qərardaddan şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürməsi barədə təsdiqedici sübutları təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-in 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 135.6 və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadının surəti tərəflərə o cümlədən Borclu göndərilmiş, sonuncu 20 may 2024-cü il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qərardadı almışdır və onun qərardaddan şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Borclu müddətin bərpa edilməsi ilə bağlı ərizəsinə, habelə qərardaddan verilmiş şikayətdə Bakı şəhərində yaşadığını və qərardadı özünün almamasını bildirsə də bununla bağlı hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)- 256/2024 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddəti bərpa etməkdən haqlı olaraq imtina etmişdir. Göründüyü kimi Borclu Şəmkir Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(076)- 256/2024 saylı qərardadından apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-256/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar