Məhkəmə qərarları › İş №8(104)-85/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-85/2024

24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-85/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8(062)-253/2024 nömrəli qərardadından Borclu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli icra sənədinə əsasən, Borclu 20000 manat pul və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb tələbkar X1 verilməlidir. İcra sənədi icra olunması üçün Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Kia Ceed” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli qətnaməsinə əsasən, Borclu 20000 manat pulun və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün 07 iyun 2024-cü il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Borcluya tələbin könüllü icrası üçün vaxt verilsə də, borclu tələbi könüllü icra etməmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, borclunun mülkiyyətində “Kia Ceed” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Odur ki, hazırkı təqdimatla məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8(062)-253/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən verilmiş təqdimat təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-928/2024 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Borclu məxsus “KİA CEED” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması; Qərardadın icrasının Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə baxılanadək sözügedən qətnamə üzrə icra hərəkətlərinin aparılması düzgün deyildir. Tovuz Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 8(062)-253/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş elektron icra informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Kia Ceed” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Tovuz Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli icra sənədinə əsasən, Borclu 20000 manat pul və 150 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb tələbkar X1 verilməlidir. İcra sənədi icra olunması üçün Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin qərarın icrası sonuncu tərəfindən könüllü icra edilmədiyindən icra məmuru Borclu mülkiyyətində “Kia Ceed” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İlk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında”Azərbaycan Respublikası Qanunun icra sənədlərindən bəhs edən 6.16-cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədləri hesab olunur. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və satmaq yolu ilə əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. ”İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50.2-ci maddəsində göstərilir ki, Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Üzərinə həbs qoyulan ““Kia Ceed” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil isə Borclu mülkiyyətindədir. Eyni zamanda borclu tərəfindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq icra vərəqəsini icra edilməmısi öz növbəsində qanuni və əsaslı olan məhkəmə qətnaməsinin icrasının xəyali xarakter almasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə təqdimatın rədd edilməsi tələbkarın mənafeyinə ziddir. Borclunun Tovuz Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(062)-928/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi qərardadın ləğvinə əsas vermir. Çünki, borclu tərəfindən buna dair hər-hansı bir sübut kollegiyaya təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 546 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı»nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin fərmanın 1 saylı əlavəsi olan «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları»nın 1.2-ci bəndinə görə reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və təqdimatın təmin olunması barədə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8(062)-253/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar