Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-85/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X1 Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(104)-1679/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(061)-79/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(104)-1679/2024 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 3980 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat alınaraq iddiaçı Tələbkar verilməlidir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(104)-1679/2024 nömrəli qətnaməsinin hər ay 60 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(104)-1679/2024 nömrəli qətnaməsi ilə ondan 3980 manat dəyərində qızıl-zinət əşyaları alınaraq Tələbkar verilməsi qət edilmişdir. Maddi imkansızlığa görə həmin məbləği bir dəfəyə ödəyə bilməmişdir. O, Bakı şəhərində marketdə satıcı işləyir, aylıq əmək haqqı aşağı səviyyədədir. Əmək haqqının yarısı alimentə yönəlmişdir, kirayədə yaşayır. Bütün bu xərclər çıxıldıqdan sonra onun özünə az miqdarda pul vəsaiti qalır ki, onun dolanışığına çatmır. Ona qarşı "xxxx" ASC-nin iddiası olmuş və tələb təmin edilmişdir. Bütün bu səbəblərə görə qətnamə üzrə tutulmalı borc məbləğini birdəfəyə ödəmək imkanında olmamışdır. Bunlarla yanaşı onun mülkiyyətində daşınar, daşınmaz əmlak, mal-qara və sair əmlakları yoxdur. Tərtər Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(061)-79/2025 nömrəli qərardadı ilə (hakim Kamil Rzayev) X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət verərək qərardadın ləğv edilməsinini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(104)-1679/2024 nömrəli qətnaməsi ilə ondan 3980 manat dəyərində qızılzinət əşyaları alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Bundan sonra icra vərəqəsi verilmiş və icra sənədi hazırda Maraqlı şəxs icraatındadır. Qətnamə üzrə qət edilmiş məbləği birdəfəyə ödəməyə imkanı olmadığından hissə-hissə icra olunmasına dair ərizə versə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(061)-79/2025 saylı qərardadı ilə ərizəsi rədd edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, qətnamə üzrə ondan tutulmalı olan borc məbləğini maddi vəziyyəti ilə əlaqədar birdəfəyə ödəməyə imkanı çatmamışdır. Belə ki, heç bir yerdə işləmir, mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. Buna baxmayaraq qətnamə ilə qət olunmuş pul vəsaitindən hər ay hissə-hissə ödəyə biləcəkdir. Belə ki, aylıq əmək haqqının 600 manat təşkil etdiyi, onun 52 faizinin aliment borcuna tutulduğunu, onun ay ərzində dolanışığı üçün cəmi 300 manat qaldığını, Bakı şəhərində marketdə satıcı işlədiyini, başqa işlə məşğul olmağa vaxtı qalmadığını, ayda cəmin 600 manat qazana bildiyini, kirayədə yaşadığını, ayda 130 manat kirayə verdiyini, aylıq 170 manata uyğun olaraq hissə-hissə pul ödəyə biləcəyini bildirmişdir. Tərtər Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 8(061)-79/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizənin hüquqi həlli ilə bağlı kollegiya göstərir ki, borclunun tələbinin əsasını təşkil edən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsində göstərilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Lakin iş materiallarında olan sübutlar əsasında bu qənaətə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ təkcə işə baxılıb yekun qərarın çıxarılması mərhələsini deyil, həm də yekun qərarın icrası başa çatanadək olan dövrü əhatə edir. Yəni şəxsin hüquqlarının bərpa edilməsi haqqında qərarın çıxarılması hələ özlüyündə səmərəli məhkəmə müdafiəsi demək deyildir. İş üzrə sadəcə məhkəmə qərarının çıxarılması və bu qərarın icra olunmaması pozulmuş hüququn xəyali müdafiəsi olardı. Bu mənada şəxsin səmərəli məhkəmə müdafiəsi hüququ onun işinə ədalətli baxılması ilə yanaşı, çıxarılan qərarın da vaxtında icra olunmasını ehtiva edir. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərarında isə göstərmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrasının mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Baxılan iş üzrə tələbkarın əmlakının (dəyərinin) qaytarılması barədə qətnamənin qanuni qüvvəyə minib icraya yönəldilməsindən sonra borclu tərəfindən hər hansı məbləğin ödənilməsi iş materialarından görünmür. Eyni zamanda borclu qətnamənin hissə-hissə icra olunmasını tələb etsə də, aylıq 60 manat ödəməyi təklif edir ki, bu da qətnamənin 5 ildən artıq müddət ərzində icra olunması deməkdir. Belə olan halda qətnamənin icrası tələbkar üçün əhəmiyyətini itirmiş olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Şərh olunanlara əsasən və MPM-nin 231, 263-264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 8(061)-79/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-85/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-85/2025
03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver