Məhkəmə qərarları › İş №8(104)-86/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-86/2023

19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-86/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tələbkar Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)-97/2022 nömrəli qətnaməsi üzrə ödənilməli pulun indeksasiyası barədə ərizəsinə dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında бахараг, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)-97/2022 nömrəli qətnaməsi üzrə Borclu ödənilməli olduğu pulun indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli (hakim H.Qəniyev) qərardadı ilə ərizəçi (icra icraatında tələbkar) Tələbkar tərəfindən verilmiş icra sənədi üzrə ödənilməli olan məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və ərizə yenidən araşdırılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 234.1. maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 232.1. maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2. maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3. maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)-97/2022 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 8480 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108,55 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının pul əvəzi alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə 04 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Buna baxmayaraq Borclu tərəfindən qətnamənin icrası təmin olunmamışdır. Baş vermiş iqtisadi böhrana əsaslanaraq tələbkar Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)-97/2022 nömrəli qətnaməsi üzrə ödənilməli pulun indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və onu qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütanəsib olaraq artırılması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 maddəsinə görə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunun bu müddəası qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin qətnamənin icrası zamanı baş vermiş və ya davam edən inflyasiyaya görə indeksasiyasının aparılmasını deyil, məhkəmə tərəfindən indeksasiya haqqında məsələyə qətnamənin icrası zamanı baxılmasını nəzərdə tutur. Şərh olunan maddə göstərilən “qətnamənin icrası zamanı” ifadəsi həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan qətnamənin tam icra olunmasına qədər olan müddəti ehtiva edir. Qətnamənin çıxarılmasına qədər, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunmasına qədər, eləcədə qətnamə tam icra olunduqdan sonra, həmçinin qətnamənin qanuni qüvvəyə minmədiyi və ya qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmədiyi hallarda indeksasiyanın aparılması haqqında ərizəyə məhkəmədə baxıla bilməz. Şərh olunan maddə yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyasının mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca norvativ-hüquqi akt qəbul olunmadığına görə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 sentyabr 1992-ci il tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşməsi haqqında metodik təlimat” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4 maddəsinə uyğun olaraq şərh olunan maddədə nəzərdə tutulmuş məsələnin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. İndeksasiya infyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İnflyasiyası hesabı, rəsmi statistika qurumlarının iştirakı ilə seçilən məhsullardan bir səbət təşkil edilərək hesablanır. İnflyasiya hesabını edən, xidmət təminatçıları və benzin stansiyaları kimi yerləri araşdırır ya da istehlak edilən mal və xidmətləri istiqamətli hesablamalarla “X1” və “İstehsalçı Qiymət indeksi” şəklində iki cür indeks meydana gətirir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi indeksasiya aparılması üçün ölkə üzrə istehlak qiymətlərinin, inflyasiya artımının, eləcədə məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin icra olunmadığı müddətdə tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsini araşdırmadan (müvafiq sorğular verilməklə) ərizəyə hüquqi qiymət vermiş və nəticədə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma təmin olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardı tam, 22 may 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)- 97/2022 nömrəli qətnaməsi üzrə ödənilməli pulun indeksasiyası barədə ərizəsi üzrə yenidən araşdırma aparılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-130, 263-264, 357, 360, 398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardı tam, 22 may 2023-cü il tarixli 8(040)-05/2023 nömrəli qərardı qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Tələbkar Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(040)-97/2022 nömrəli qətnaməsi üzrə ödənilməli pulun indeksasiyası barədə ərizəsi üzrə yenidən araşdırma aparılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar