Məhkəmə qərarları › İş №8(104)-86/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-86/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-86/2025 15.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlunun sədrliyi və məruzəsi ilə, Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, X1 Maraqlı şəxs qarşı alimentin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(023)-57/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: X2 Maraqlı şəxs qarşı alimentin indeksasiya edilməsi barədə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, 28 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qazax Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(023)- 514/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və alimentin miqdarının artırılaraq bir uşaq üçün Maraqlı şəxs 500 manat alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(023)-57/2025 nömrəli qərardadı ilə (hakim E.Mansırov) X4 ərizəsinin qismən təmin edilməsi; Qazax Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(023)-514/2018 nömrəli qətnamsəi ilə müəyyən edilmiş aliment indeksasiya olunması; 02 aprel 2025-ci il tarixdən başlayaraq 28 yanvar 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqa hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması; Ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs qərardaddan şikayət verərək ləğv olunmasını və ərizənin təmin ediulməməsini xahiş etmişdir. Şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmadan işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 266-cı maddəsinə əsasən, məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıdada qeyd olunduğu kimi Qazax Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(023)-57/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən şikayət verilsədə, lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxıb hüquqi qiymət vermədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə qərardaddan verilmiş şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Birinci instansiya məhkəməsi şikayətə baxılmasının nəticəsi kimi: qərardadın dəyişdirilməsi haqqında, qərardadın ləğv edilməsi haqqında və ya şikayətin təmin edilməməsi haqqında qərardad çıxara bilər. Şikayəti əsaslı hesab edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərardad çıxardıqdan sonra mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi sonuncu qərardaddan şikayət verilib-verilməməsindən asılıdır. İşdə iştirak edən şəxs bu qərardaddan şikayət verdikdə hakim mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini deyil, həmin şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsində göstərilən qaydada baxılmasını təmin etməlidir. Şikayətə baxılmasının nəticəsi kimi qərardad ləğv edilmədikdə və ya qərardad dəyişdirilmədikdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilə bilməz. Çünki bu qərardad çıxarıldıqdan sonra 7 gün müddətində iş apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsinə ehtiyac qalmır. Şikayətdən imtina olunduqda isə həmin şikayət üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-269, 372 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(023)-57/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə 8(104)-86/2024 nömrəli iş apellyasiya baxışından çıxarılsın. Qazax Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 8(023)-57/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada baxılıb hüquqi qiymət verilməsi üçün şikayət işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar