Məhkəmə qərarları › İş №8(104)-87/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-87/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-87/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” bаrədə 8(076)-251/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-435/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəmkir rayonu, Düyərli kəndində X1 məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun 1/2 hissəsi olan 23.745 manat məbəğində pulun və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 manat məbləğində pulun cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməlidir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, sözügedən icra sənədi üzrə Borclu(bundan sonra- borclu) ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, borcluya borcun könüllü icrası haqqında bildiriş, habelə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öhdəliyini icra etməkdən yayınmışdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu verdiyi şikayətdə bildirir ki, icra sənədi üzrə Tələbkar ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş Gülay və İsmixan adlı uşaqları onun himayəsində qalmışdır. Oğlu İsmixan anadangəlmə xəstədir, bu səbəbdən mütəmadi olaraq müalicə alır və fizio-terapiya qəbul edir. İcra sənədində göstərilən tələbləri yerinə yetirməkdən imtina etmir, iddiaçıya ödəniş etmək və razılaşmaq üçün məhkəmədən ona 10 gün vaxt verilməsini xahiş etsə də, lakin məhkəmə onun xahişini nəzərə almayaraq icra məmurunun təqdimatını təmin etmişdir. Məhkəmə onun şəkərli diabet xəstəsi olmasını, ürəyində stend olduğunu, müalicəsi ilə bağlı bəzən ölkə xaricinə getdiyini, həmçinin dolanışığının Rusiya ilə bağlı olmasına görə ölkə xaricinə gedə bilmədiyini və bu halda uşaqlarının maddi ehtiyaclarını ödəyə bilmədiyini nəzərə almamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar