Məhkəmə qərarları › İş №8(104)-89/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-89/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-89/2024 07.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsinə dair Tərtər Rayon Məhkəməsinin 8(061)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından borclu (borclu) Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsin dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Tərtər şəhəri Nizami küçəsi ev 105-ə gedən yeganə gediş-gəliş yolunun üzərində aparılmış tikintini sökülməsi, yola tokülmüş tikinti materiallarının götürülməsi və evinə gidiş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Tərtər şəhəri, Nizami küçəsi ev 105-ə (Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 1 ünvandır) gedən gediş-gəliş yolunun açılması, həmin yolun üzərinə tökülmüş tikinti materiallarının cavabdeh tərəfindən götürülməsi və ekspertiza xərcinin cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən həmin icra vərəqəsi əsasında xx.xx.2024-cü il tarixli qərarla icra işi başlanmışdır İcra məmuru icra prosesinin gedişində ərizə ilə məhkəməyə müraciət edərək 2(061)- 650/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı məxsus Tərtər şəhəri, Nizami küçəsi ev 105 ünvanına gedən gediş-gəliş yolunun açılması, həmin yolun üzərinə tökülmüş tikinti materiallarının cavabdeh tərəfindən götürülməsi və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək xx.xx.2024-cü il tarixli qərarla icra işi başlanmışdır. İcra prosesinin gedişində tələbkar icra sənədinə uyğun olaraq yolun tam şəkildə açılmasını, yəni yolun üzərinə tökülmüş tikinti materialları ilə yanaşı yolun üstündə quraşdırılmış dəmir darvazanın da götürülməsini tələb etmişdir. Odur ki, icra sənədinə izah verilməsi zərurəi yaranmışdır. Ona görə də tələbkarın evinə gedən gediş-gəliş yolunun açılması dedikdə icra sənədinin həmin yolun üstündə quraşdırılmış dəmir darvazanın da götürülməsini əhatə edib-etmməsi barədə izah verilməsini məhkəmədən xahiş edir. Tərtər Rayon Məhkəməsinin 8(061)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim T.Qubadov) ərizənin təmin edilməsi, borclu (borclu) Cavabdeh tərəfindən tələbkar (iddiaçı) İddiaçı məxsus ünvan 2 ünvanına (Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 1 ünvandır) gedən gediş-gəliş yolunun açılmasına dair Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi özündə daha geniş anlamı, yəni haqqında mübahisə qaldırılan ümumi istifadə üçün nəzərdə tutulmuş yoldan istifadəni məhdudlaşdıran hər cürə maneələrin, o cümlədən yolun üstündə quraşdırılmış darvazanın götürülməsini özündə ehtiva etdiyi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu (borclu) Cavabdeh şikayət verərək Tərtər Rayon Məhkəməsinin 8(061)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadından borclu (borclu) Cavabdeh tərəfindən verilmiş şikayət Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Tələbkar İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasına şikayətə yazılı etiraz göndərərək bildirmişdir ki, şikayəti təmamilə əsassız hesab edir. Həmçinin hesab edir ki, borclu tərəfındən həmin şikayət Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 650/2023 nömrəli qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrasıının yubadılması məqsədilə verilmişdir Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(061)-115/2024 saylı qərardadı həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(061)-650/2023 nömrəli qətnaməsinin yalnız geniş anlamda izahını özündə ehtiva edir. Tərtər Rayon Məhkəməsinin sözügedən qətnaməsindən iddiaçı (hazırkı borclu) Sərfınaz Zeynalova tərəfındən apellyasiya şikayəti verilməsinə baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegivası tərəfındən qanuni və əsaslı hesab edilmişdir. Çünki, həmin qətnamə işin hallarının və iş üzrə əhəmiyyətli faktların hərtərəfli araşdırılmasına, o cümlədən də təyin edilib keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının və mütəxəssisin rəylərinə əsaslanmışdır. Odur ki, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Yuxarıda şərh edilənlərə əsasən və hazırkı etirazı nəzərə alınaraq borclu X1 tərəfındən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(061)-115/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, icra məmuru icra prosesinin gedişində ərizə ilə məhkəməyə müraciət edərək 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Ərizənin təmin etmiş birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qət edilmiş yolun açılması dedikdə daha geniş anlam, yəni haqqında mübahisə qaldırılan ümumi istifadə üçün nəzərdə tutulmuş yoldan istifadəni məhdudlaşdıran hər cürə maneənin aradan qaldırılmasını, o cümlədən yolun üstündə quraşdırılmış darvazanın götürülməsini özündə ehtiva edir. Əks halda yolun açılması barədə qanuni qüvvəsini almış məhkəmə aktı səmərəsiz və əhəmiyyətsiz olmuş olardı. Məhkəmə məhkəmə aktlarının məzmunu, mahiyyəti və məhkəmə müdafiəsinə dair qanunvericiliyin müddəalarını əsas götürərək hesab edir ki, izah verilməyə dair icra məmurunun ərizəsi təmin edilməli və Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməlidir. Məhkəmə kollegiyası da qeyd edir ki, qətnamənin izah edilməsi dedikdə həmin qətnamənin məzmununu dəyişdirmədən izah edilməsi anlaşılır. Qətnaməyə verilmiş izahda qətnamədə əks olunmamış hər hansı məsələ, o cümlədən məhkəmə baxışının predmeti olmayan məsələlər göstərilə bilməz, həmçinin məhkəmə iclasında iştirak etməmiş və cavabdehin hüquq varisi olmayan şəxsin üzərinə vəzifə qoyula bilməz. Hazırki halda isə Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qət edilmiş yolun açılması dedikdə daha geniş anlam, yəni haqqında mübahisə qaldırılan ümumi istifadə üçün nəzərdə tutulmuş yoldan istifadəni məhdudlaşdıran hər cürə maneənin aradan qaldırılmasını nəzərdə tutduğundan birinci instansiya məhkəməsi haqlı olaraq yuxarıda göstərilən qaydada ərizəni təmin etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası borclu (cavabdeh) Cavabdeh Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsinə dair Tərtər Rayon Məhkəməsinin 8(061)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını və həmin qərardadla bağlı 10 sentyabr 2024-cü il tarixli qərardadını qanuni və əsaslı sayaraq şikayəti təmin etmir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu (cavabdeh) Cavabdeh şikayəti təmin edilmədən, Tərtər Rayon Məhkəməsinin 8(061)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 10 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar