Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-90/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(021)-221/2022 nömrəli icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(021)-265/2023 nömrəli qərardadından Borclu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(021)-221/2022 nömrəli icra sənədinə əsasən, Borclu 9630 manat alınaraq tələbkar X1 xeyrinə verilməli, eləcə də ekspertiza tədqiqatının dəyəri 100 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Sadiq Həsənov icra sənədinin icrası ilə əlaqədar təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində “Ford Transit” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, könüllü icra müddətində tələb icra edilməmişdir. Borclu müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınmış və bu səbəbdən borclunun əmlakı barədə aidiyyəti orqanlara sorğu verilmişdir. Portal çıxarışına əsasən müəyyən olunmuşdur ki, Borclu adına “FORD TRANSİT” yük markalı **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qeydə alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun qeyd olunan əmlakının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(021)-265/2023 nömrəli (hakim F.Babaşov) qərardadı ilə təqdimat təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-221/2022 saylı icra sənədi üzrə xx.xx.1995-ci il təvəllüdlü anadan olmuş, Bərdə rayon, Kətəlparaq kəndində yaşayan Borclu məxsus “FORD TRANSİT” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra orqanı tərəfindən ona icra sənədi üzrə icraata başlama haqqında qərar, habelə tələbin könüllü icrası haqqında bildiriş göndərilməmişdir. Bundan əlavə, ailəlidir və ailədə yeganə qazanc gətirən şəxsdir. Üzərinə həbs qoyulan nəqliyyat vasitəsi ilə qazanc əldə edir. Bərdə Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 8(021)-265/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına “FORD TRANSİT” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(021)-221/2022 nömrəli icra sənədinə əsasən, Borclu 9630 manat alınaraq tələbkar X1 xeyrinə verilməsi, eləcə də ekspertiza tədqiqatının dəyəri 100 manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. İcra sənədi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borcluya 10 gün müddətində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyindən icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də təqdimatı təmin etmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən göründüyü kimi tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətdə, habelə bundan sonra borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Üzərinə həbs qoyulan “FORD TRANSİT” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Borclu mülkiyyətindədir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(021)-265/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 8(021)-265/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-90/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-90/2023
03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver