Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-1/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, tələbkar N.Tusi adına X2 nümayəndəsi X4 iştirakı ilə, Borclular Borclu1 və Borclu2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-74/2023 nömrəli qərardadından borclular tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Borlcular Borclu1 və Borclu2 ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Borclular ərizəni onunla əsaslandırmışlar ki, mənzil mübahisəsi işinin yeni əsaslarla, yeni predmetlə və yeni tərəflər arasında məhkəmə icraatında olmasını təsdiq edən məhkəmə qərardadlarını və məhkəmə bildirişlərini Şamaxı İcra və Probasiya Şöbəsinə şəxsən təqdim etmişlər, lakin bu iş məhkəmənin icraatında olmasına baxmayaraq, tez-tez narahat edilirlər. Belə ki, xx.xx.2023-cü il tarixdə və sonra xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvana polis maşınları, sahə müvəkkili, içərisində FHN-nin əməkdaşları və həkimlər olan X14 maşını göndərilmiş, onlar yaşadıqları evin qapısını döyəcləməklə evdən çıxmalarını, lazım gəldikdə isə evin qapısını sındıracaqlarını uca səslə deyib getmişlər. Şamaxı İcra və Probasiya Şöbəsinin əməkdaşları ilə bu barədə əlaqə saxlayıb lazımi izahatlar vermişlər. Amma onlar qəti şəkildə bildirmişlər ki, cavabdeh N.Tusi adına X2 rəhbərliyi onlara ciddi təzyiq göstərdiyinə görə belə edirlər. Bu barədə Şamaxı Rayon Məhkəməsinə dəfələrlə yazılı və şifahi məlumatlar vermişlər və hətta müvəqqəti təminat tədbirinin tətbiqi barədə də ərizə vermişlər. Lakin, həmin ərizə əsassız hesab edilərək təmin edilməmişdir. Halbuki, sözügedən ərizə tam əsaslı idi. xx.xx.2023-cü il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası başa çatandan sonra, Şamaxı İcra və Probasiya Şöbəsindən onlar yenə izahata çağırmışlar. Məhkəməyə əlavə sübut kimi yenicə əldə etdikləri məlumatı verir. Belə ki, Maraqlı şəxs tərəfindən onlara 2744/4 saylı, xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmin məktubda çoxsaylı Dövlət Orqanlarına - polisə, icra nümayəndəsinə, FHN-ə və Şamaxı RMX-na müraciət edilməklə, xx.xx.2023-cü il tarixdə onların birgə yaşadıqları ünvan 1 ünvanının qapısının sındırılması nəzərdə tutulmuşdur. Lakin fakt odur ki, onlar tərəfindən icra sənədinin verilməsinə əsas olan tələbə dair iddia qaydasında məhkəməyə müraciət etmişlər və bu iddia tələbi məhkəmə baxışına verilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs əməkdaşları xx.xx.2023-cü il tarixdə onların yaşadığı ünvan 2 ünvanına gələrək, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə dair icra sənədini qismən icra etmişdirlər. İcra məmurları onların yaşadığı ünvanda bütün əmlakları və avadanlıqları videoçəkilişlə qeyd edib, həmin əmlaklar və avadanlıqlar yaşadıqları evdə qalmış və evin ümumi qapısının kilidini dəyişərək, xx.xx.2023-cü il tarixədək həmin evə daxil olmaqlarını qadağan etmişdirlər. Onların əmlaklarını yerləşdirməyə və yaşamağa başqa yerləri yoxdur. Maraqlı şəxs icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu X3 adına olan Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-74/2023 tarixli qərardadı ilə ərizə təmin olunmamışdır (hakim Fərid Yaqubov). Həmin qərardaddan narazı qalan borclular şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 8(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-74/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəmsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar N.Tusi adına X2 nümayəndəsi X7 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq borclular Borclu1 və Borclu2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(026)- 43/2021 saylı icra sənədinə əsasən, Borclu1, Borclu2 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X1 rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına X2 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.metr olan, 3 otaqlı, 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İş materiallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(026)-43/2021 saylı icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)- 74/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(026)-43/2021 saylı icra sənədinə əsasən borclular yetkinlik yaşına çatmayan uşaqları ilə qeyd edilən mənzildən əşyaları ilə birlikdə çıxmalıdırlar. Borclular Şamaxı Rayon Məhkəməsinə hazırkı ərizə ilə müraciət edərək “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinadən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə icraatın dayandırılmasının məcburi olduğu hallarda, icra sənədi üzrə icraatın icra məmuru tərəfindən dayandırılması nəzərdə tutulmuşdur. Lakin, borclular Borclu1 və Borclu2 qanunun qeyd olunan normasına əməl etməyərək, icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən əvvəla onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 17-ci maddəsində icraatın dayandırılmasının məcburiliyi halları konkret olaraq göstərilmişdir. Həmin Qanunun 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir, hansı ki həmin hallarda icraat dayandırıla bilər. Adı çəkilən Qanunun 21.1 və 21.2-ci maddəsinə əsasən isə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə, qanunvericilikdə icraatın dayandırılmasına əsas və səbəb olan hallar, eləcə də qaydası və bu məsələyə baxılması konkret olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə borclular icraatın dayandırılması ilə birbaşa Şamaxı Rayon Məhkəməsinə müraciət etmişlər. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Borclular şikayətdə ərizənin təmin edilməməsi zamanı istinad edilən bu halı təkzib edən və ya istisna edən hər hansı dəlil göstərməmişlər. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclular Borclu1 və Borclu2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-74/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-1/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-1/2024
28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver