Məhkəmə qərarları › İş №8(105)-10/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-10/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-10/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-790/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) təqdimatın təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-109/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

3. Həmin qərardaddan narazı qalan Borclu qərardaddan şikayət vermişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 8(060)-790/2024 saylı qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

5. Borclu qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli təqdimatının təmin olunmamasına dair qərardad çıxarılması, əks təqdirdə şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-790/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-790/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov əsassız təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi heç bir araşdırma aparmadan, hər hansı bir əsas olub olmadığını müəyyən etmədən, son dərəcə ədalətsiz və qanunsuz təqdimatı təmin edən qərardad çıxarmışdır. Birincisi həm icraata başlamaq haqqında qərarda, həm təqdimatda, həm də qərardadda qeyd edilmiş “Unileasing” adlı şirkətin hər 3 sənədin tərtib edildiyi (yazıldığı, verildiyi) dövrdə mövcud olmamışdır. Şirkət 2018-ci ilin may ayından etibarən bağlanmış, onun əvəzinə yeni təmayüllü yeni bir şirkət Tələbkar MMC yaradıldığı iddia edilir. Tələbkar MMC-nin “Unileasing” adlı şirkətin hüquqi varisi olub olmadığına dair nə məhkəmədə, nə də İcra idarəsində heç bir sənəd mövcud olmamışdır. Nə təqdimatı verən icra məmuru, nə də tələbkar heç bir məhkəmə iclasına gəlməmiş, mövcud olmayan xəyali tələbkarın tələbi əsasında icra məmurunun əsassız təqdimatını məhkəmə qanunsuz olaraq, “gözüyumulu” təmin etmişdir. İkincisi xx.xx.2019cu il tarixli icraata başlamaq haqqında qərarda adı “Unileasing” (halbuki şirkət göstərilən tarixdən 1 il yarım əvvəl bağlanmış, həmin adda şirkət mövcud olmamışdır) kimi qeyd edilmiş xəyali tələbkarın xeyirinə əlillik pensiyasından bu günə qədər hər ay 51 faizdən çox tutulmalar edildiyi halda, pensiyasından tutulmuş məbləğ (bu günə qədər 4000 manatdan çox) və şəxsən mən tərəfdən nəğd olaraq icra məmuruna verdiyi məbləğ (müxtəlif vaxtlarda, ümumi məbləği təxminən 5000 manata yaxın) xəyali tələbkara (istər “Unileasing” adlı şirkətə, istərsə də onun əsasında yaradıldığı iddia edilən Tələbkar MMC) ödənilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq bu faktların heç birinə qiymət verməmişdir (ödəmə olmadığını ləğv olunmuş tələbkar şirkətin hüquqi varisi olduğunu iddia edən Tələbkar MMC şirkətin baş direkoturu Aytən Məmmədova və hüquqşünası Kamran Abbasov təsdiqləmişdir (sübut səs yazıları CD-də məhkəməyə təqdim edilmişdir). Göründüyü kimi, heç bir araşdırma aparmayan, tərəflərin heç bir sübut və dəlilini görməyən, dinləməyən və qiymət verməyən məhkəmə, mövcud olmayan bir şirkətin adını “tələbkar” kimi öz qərardadında göstərməklə, yalnız quru təqdimat əsasında tələm-tələsik “təqdimatın təmin edilməsinə dair” qərardad çıxarmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Məhkəmələr və hakimlər haqqında Qanununun ən fundamental prinsiplərini, habelə qeyd onunan Qanun və Məcəllənin çoxsaylı maddələrinin tələblərini kobud şəkildə pozmuşdur

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 267. Qərardadlardan şikayət verilməsi 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

10. Maddə 269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

11. Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

12. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

13. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

16. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarınan görünür ki, birinci instansiya məhkəməsi Borclu apellyasiya şikayətində “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adını, məhkəmənin qərardadını hansı hissədə mübahisələndirdiyini göstərmədiyindən, borclu tərəfindən verilmiş şikayət Mülki Prosssual Məcəllənin 361-ci maddəsinin tələblərini pozmaqla tərtib olunduğundan geri qaytarmışdır.

21. Bundan başqa, şikayətdə onun verildiyi məhkəmənin adı Sumqayıt Şəhər Məhkəməsi deyil, Sumqayıt Apellyasiya Məhkəməsi olaraq qeyd edilmişdir, barəsində şikayət verilən məhkəmə aktının qəbul edilmə tarixi isə qeyd edilməmişdir.

22. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməli və şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalıdır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mövcud şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-790/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar