Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-100/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, borclunun əmlakı üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına dair Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 8(012)-81/2021 saylı qərardadından tələbkar LPO Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclu adına olan ********** qeydiyyat nömrəli və **********14 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclu, “X1” MMC-dən 46165,67 manat borc pul və 145 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Tələbkar ASC (ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Borclunun adına əmlakın olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və Borclu adına ********** qeydiyyat nömrəli və **********14 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-81/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli və **********14 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-81/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadından tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-81/2021 saylı, 31.03.2021-ci tarixli, qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədinə əsasən Borclu, “X1” MMCdən 46165,67 manat borc pul və 145 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Tələbkar ASC (ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Borclunun adına əmlakın olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və Borclu adına ********** qeydiyyat nömrəli və **********14 reyestr nömrəli torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilmişdir. Borclunun borcunu ödəməkdən yayınmasını təsdiq edən mötəbər sübutlar iş materialları arasında mövcud olmaması səbəbindən, habelə borclunun ölkə xaricində olduğu üçün icra sənədindən xəbərsiz olması məlum olduğundan təqdimat təmin edilməmişdir. Təqdimatın təmin edilməməsi icra sənədi üzrə tələbin icrasını qeyri-mümkün edir. Borclunun xaricdə olmasına və icra sənədindən xəbərsizliyinə dair məhkəmənin hansı dəlillərə istinad etməsi göstərilməmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 8(012)-81/2021 saylı qərardadının ləğv edilməsi, təqdimatın təmin edilməsinə dair qərardad qəbul edilməsini xhaiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər və təqdimatı verən icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-81/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədi üzrə Borclu borcunu ödəməkdən yayınmasını təsdiq edən sübutların mövcud olmaması, borclunun uzun müddətdir ki, ölkə xaricində olmasının təsdiq edildiyini, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-58/2020-025 saylı, 20.02.2020-ci il tarixli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən isə Borclu 30.07.2020-ci il tarixdə “icraata başlamaq haqqında qərar” göndərilməməsini müəyyən edərək təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən icra sənədi üzrə icraalata başlamaq haqqında qərar 30.07.2020-ci il tarixdə qəbul edilmiş və 10 gün müddətinə icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. Lakin qeyd edilən icraata başlamaq haqqında qərarın borcluya rəsmi qaydada çatdırılmasına dair hər hansı sübut mövcud deyildir. Eyni zamanda iş materiallarına (i.v.9)əlavə edilmiş 05.11.2020-ci il tarixli aktdan görünür ki, Borclu Balaca qızının yaşadığı Abeşron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, ev 3 ünvanına gedilərkən borclunun qeyd edilən ünvanda uzun zamandır yaşamaması müəyyən edlmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Borclu Balaca qızının sərhədkeçmə məlumatlarından görünür ki, o, 25.11.2019-cu il tarixdə ölkə sərhəddindən çıxış etmiş, 15.02.2021-ci il tarixdə ölkə ərazisinə giriş etmişdir. Göründüyü kimi, icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın, eləcə də digər bildirişlər borclu tərəfindən rəsmi qaydada alınmasının qeyri-mümkün olması təsdiqini tapır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki işdən isə görünür ki, icraata başlamaq haqqında qərarın borcluya rəsmi qaydada təqdim edilməsi iş materialları ilə təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 8(012)-81/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-100/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-100/2021
04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver