Məhkəmə qərarları › İş №8(105)-100/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-100/2025

03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-100/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızı tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X2 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, Ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasına dair Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. AA7062501 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X7 18 sentyabr 2010-cu ildə doğulmuşdur.

2. AA7018106 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X6 08 sentyabr 2014-cü ildə doğulmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması, Borclu 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamənin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində aliment tutularaq Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4306/2019 nömrəli, xx.xx.2018-ci il əsasən Borclu ilə aralarında bağlanmış nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iki uşağa görə ümumilikdə 320 manat aliment təyin edilmişdir. Həmçinin qətnamədə alimentin ödənilməsinin xx.xx.2019-cu il tarixindən başlayaraq hesablanması qeyd edilmişdir. O, laboratoriyada işləyir və 350 manat məbləğində əmək haqqı alır. Qeyd edilən məbləğdə əmək haqqı ilə uşaqları saxlamaq çox çətindir. Böyük övladı X7 15 yaşındadır və 9-cu sinifdə oxuyur, kiçik övladı X3 isə 11 yaşı vardır. Onun qarşı tərəf ilə əlaqəsi yoxdur. Uşaqlara görə həkimlərə müraciət edir, həmçinin hazırda kirayə evdə qalırlar. Qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2593/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinə indiyədək artım olmamışdır.

6. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişir ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən şikayət etmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi sözügedən qətnaməni qüvvədə saxlamışdır. Qeyd edir ki, onun iş yeri olsa da o, yenicə ailə qurmuşdur və həmin nikahdan 1 övladı vardır. Həmçinin onun atası xəstədir və öz dərmanını belə ala bilmir, buna baxmayaraq ona maddi cəhətdən kömək edir. O, ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızına aliment ödəmək üçün pul çatdıra bilmir, bu səbəbdən gələcəkdə aliment məbləğinin azaldılması ilə bağlı məhkəmədə iddia qaldıracaqdır.

7. Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Elman Məmmədov) ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 18 sentyabr 2010-cu il təvəllüdlü X7 və 08 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunması qərara alınmışdır.

8. Borclu xx.xx.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi qərardad qəbul edərkən qanunun tələblərini və onun maddi vəziyyətini qəti surətdə nəzərə almadığı üçün qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, o, xx.xx.2019-cu ildə ikinci dəfə ailə həyatı qurmuşdur və bu nikahından xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı vardır. Onun rəsmi olaraq maaşı 364 manat təşkil edir, məcburi köçkün olduğu üçün isə aylıq 120 manat sosial müavinət alır. Adları çəkilən pul məbləğlərindən başqa gəlir mənbəyi yoxdur. İkinci ailə həyatından olan körpə övladına zorla baxır. Hazırda o və onun ailəsi maddi cəhətdən çox ağır sıxıntılar içərisindədirlər. Ərizəçi Tələbkar özü hazırda müəllimə olaraq işləyir və kifayət qədər məvacib alır. Əlavə olaraq bildirir ki, ərizəçi dövlət tərəfindən ona təyin olunmuş aztəminatlı ailə kimi ünvanlı sosial yardım da almaqdadır. Odur ki, ərizəçinin aylıq gəlirləri özünün və övladlarının saxlanılması üçün kifayətdir. Əvvəlki nikahdan olan övladlarının saxlanılması üçün hər ay 320 manat məbləğində alimenti heç bir gecikmə olmadan vaxtı-vaxtında ödəməkdə idi. Yeni çıxarılmış qərardad onun maddi vəziyyətini həddən artıq çıxılmaz vəziyyətə saldığı üçün bundan sonra ailəni və övladını maddi cəhətdən saxlamağı mümkünsüz olacaqdır. Bütün bu hallar məhkəmə tərəfindən qətiyyən nəzərə alınmamışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

11. Ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızı şikayətə qarşı yazılı etirazında qeyd etmişdir ki, borclu tərəfindən verilmiş apellyasiya şikayətində bir sıra həqiqətə uyğun olmayan məlumatlara istinad edilmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, guya o, ünvanlı sosial yardım alır. Bu iddia əsassızdır və tamamilə yalandır. Hazırda o heç bir sosial yardım almır. Bu barədə aidiyyəti dövlət orqanlarından arayış təqdim etməyə hazırdır. Eyni zamana əmək haqqı və iş yeri barədə yanlış məlumat vermişdir. Borclu apellyasiya şikayətində qeyd etmişdir ki, o, yüksək maaşla müəllimə işləyir. Bu da həqiqəti əks etdirmir. O, müəllimə deyil, labrant vəzifəsində çalışır və əmək haqqı orta aylıq əməkhaqqı səviyyəsindən aşağıdır. Bu barədə də müvafiq iş yerindən arayış təqdim edilə bilər. Borclu tərəfindən verilmiş apellyasiya şikayətində məqsəd alimentin məbləğinin artırılmasından yayınmaqdır. Halbuki uşaqların əsaslı ehtiyacları və həyat şəraitinin yaxşılaşdırılması üçün alimentin artırılması zəruridir. Qeyd olunanlara əsaslanaraq, borclunun apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməli olduğunu bildirir və şikayətin rədd edilməsini xahiş edir.

Tətbiq edilən hüquq Ailə Məcəlləsi

12. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası verilmiş tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2019-cu il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

23. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

24. Məhkəmə kollegiyası uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

26. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar