Məhkəmə qərarları › İş №8(105)-101/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-101/2021

03.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-101/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Borclu: X1 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən verilmiş borclunun məcburi gətirilməsi barədə təqdimat üzrə Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) təqdimatın təmin edilməsi, xx.xx.1967-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi, qərardadın icrasının Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2737/2019 saylı, 19.07.2019-cu il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2019-007 saylı, 19.07.2019-cu il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında qərar” tərəflərə göndərilmiş, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Bu hərəkətləri ilə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da onun məcburi gətirilməsi zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu verdiyi şikayətini onunla əsaslandırmışdır ki, təqdimat tamamilə absurddur. O, icra məmurunun çağırışına gəlmiş və tələbi könüllü icra etmişdir. Bütün ödənişi tamamilə ödəmiş və üzr istəmə barədə sənəd təqdim etmişdir. Onu məcburi gətirmə barədə qərardadın heç bir hüquqi əsası yoxdur. Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 8(012)-17/2021saylı qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Tələbkar və Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Abşeron Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(012)-2737/2019 saylı icra sənədinə əsasən Borclu cəmi 720 manat məbləğində pulun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə borclu D.X.Məmmədov Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2019 saylı, 19.07.2019-cu il tarixli icra sənədinin icrası barədə 08.07.2020-ci il tarixli bildirişlə məlumatlandırılmışdır. Lakin borclu könüllü olaraq öhdəliyini icra etməmişdir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, Borclu qərardad qəbul edildikdən sonra tələbkara olan borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.4-cü maddəsinə əsasən İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan tqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri tərəfindən təstiq olunan təqdimat verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu Əbdülxaliq oğlunun şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 29 yanvar 2021-ci il tarixli 8(012)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar