Məhkəmə qərarları › İş №8(105)-101/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-101/2024

08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-101/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Tələbkar Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən verilmiş şikayət ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən verilmiş şikayətə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-171/2024 nömrəli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Tələbkar şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs rəisi Ayaz Nuqaylının və Maraqlı şəxs icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin icra olunması üçün "xxxx" MMC-nin direktoru X8 və "xxxx" MMC-nin direktor müavini X10 barəsində qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin “borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması” vəzifəsinin Maraqlı şəxs icra məmuru Vadim Əliyevin üzərinə qoyulmasını və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyev barəsində tədbir görülməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMCnin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6, "xxxx" MMCnin iştirakçısı X11 və "xxxx" MMC-nin iştirakçısı X7 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 3 il müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 3 il ərzində icra məmuru tərəfindən əsasız bəhanələr gətirməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışlar. Lakin əgər dövlətin adından qərar çıxmışdırsa qanunvericiliyin tələbinə əsasən mütləq icra olunmalıdır. Lakin Abşeron rayon icra şöbəsi tərəfindən icra sənədinin icra olunmasına nəinki cəhd etmələri, heç borclu barəsində hər hansı tədbir görməkdən də çəkinirlər. Buna görə də hesab edir ki, əsassız bəhanələr gətirməklə icra sənədinin icrasından yayınan dövlət məmurları qanunamüvafiq qaydada cəzalandırılmalıdır. Belə ki, icra sənədi Abşeron rayon İcra şöbəsinə yönəldildikdən sonra tamamilə icrasız olaraq qalamışdır. Sonradan məcburiyyət qarşısında qalaraq vəkil ilə müqavilə bağlamış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsinin icra olunması ilə bağlı məşğul olmasını xahiş etmişdir. Vəkil ilk dəfə 2022-ci ilin oktyabr ayında Maraqlı şəxsnə qeyd olunan icra sənədinin icrası ilə bağlı heç bir məlumat verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru X6 işdən azad edilməsi icra sənədinin geri qaytarılmasına əsas ola bilməz. Belə ki, qeyd edilən şəxs direktor vəzifəsindən azad edilsə də, "xxxx" MMC də borclu qismində olduğundan direktor vəzifəsinin icrasının kimin tərəfindən aparılmasının əhəmiyyəti yoxdur. Qeyd edlənlərə əsasən məhkəmə kollegiyası qərarda verilmiş şikayəti müzakirə edərək hesab etmişdir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməlidir. Bu da o deməkdir ki, 2010-cu il təsis olunan "xxxx" MMC-nin direktoru X1 Rayon Məhkəməsinin qərarı qüvvəyə mindiyi, yəni direktor kimi işən azad olunduğu tarixə qədər MMC-nin fəaliyyəti ilə əlaqədar olan sənədləri, məlumatları tələbkara təqdim etməlidir. "xxxx" MMC-nin direktoru X8 icra sənədi üzrə verdiyi izahatlarda direktor vəzifəsindən azad olunduğunu bildirsə də faktiki olaraq MMC-nin fəaliyyəti zamanı imza səlahiyyətinə malikdir və MMC-nin fəaliyyəti ilə bağlı bütün sənədlərə imza edib möhür vurur. Həmçinin "xxxx" MMC-nin direktor müavini kimi X14 təyin edilmiş və hazırki vaxta qədər də direktor müavini kimi fəaliyyət göstərir və MMC-nin idarəçiliyində fəal rol oynayır. Bununla bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə Maraqlı şəxsnə məlumat verilmişdir. Lakin bu günə qədər "xxxx" MMC-nin direktor müavini kimi X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi üzrə cəlb olunmamışdır. Əgər Maraqlı şəxs hüquqi şəxsin direktorunun işdən azad olunması ilə bağlı məhkəmə qərarı olduğunu bildirirsə və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını bəhanə gətirirsə onda hüquqi şəxsin direktorunu icra sənədi üzrə işə cəlb etməli və icra sənədində qeyd olunan məlumatlar həmçinin direktor müavini kimi X9 tələb olunmalıdır. Lakin bütün rəsmi müraciətlərə baxmayaraq Maraqlı şəxs icra məmuru tərəfindən icra sənədi ilə bacılı heç bir icra tədbiri görülməmiş və icra sənədi 3 ilə yaxındır ki icrasız olaraq qalmaqdadır. İcra sənədinin icra olunmaması ilə bağlı Maraqlı şəxs rəisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə dəfələrlə rəsmi qaydada müraciət olunmasına baxmayaq həmin orqanlar da icra sənədinin icra olunması üçün icra məmuruna heç bir göstəriş verməmişlər.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-171/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi şikayətin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qanuni qüvvəsini almadığından, yəni Maraqlı şəxs icraatında hal-hazırda mübahisəli icra vərəqəsi olmadığından şikayət təmin edilə bilməz.

5. Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-171/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

11. Maddə 70. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.2. İşə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. 70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X6, "xxxx" MMC-nin iştirakçısı X11 və "xxxx" MMC-nin iştirakçısı X7 üzərinə qoyulmalıdır.

20. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin icrası ("xxxx" MMC və direktoru olmuş M.Ağayevə münasibətdə) mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ilə Tələbkar tərəfindən Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməsi, Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır.

22. X2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilərək, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icranın mümkün olmaması səbəbindən qaytarıldığından və həmin icra sənədi Maraqlı şəxs icraatında olmadığından, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olmuşdur. Odur ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-171/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-171/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar