Məhkəmə qərarları › İş №8(105)-102/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-102/2021

06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-102/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 8(012)-142/2021 saylı qərardadından X2 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 8(012)-142/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 2(012)- 750/2020 saylı, 27.02.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 07.12.2020-ci il tarixli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, X4 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(012)-750/2020 saylı icra sənədinə əsasən X5 400 manat məbləğində pul tutularaq X9 ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(012)-750/2020 saylı icra sənədi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 07 dekabr 2020-ci il tarixli qərarı ilə həmin icra sənədinin aidiyyəti üzrə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. X11 şikayət verərək Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 07 dekabr 2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 nömrəli, 27.02.2020-ci il tarixli icra sənədinə əsasən X5 400 manat məbləğində pul tutularaq ona verilməlidir. X12 hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı üçün Abşeron rayon İcra və probasiya şöbəsinin 07.12.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 nömrəli, 27.02.2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İcra işinin Bakı İstintaq Təcridxanasına göndərilməsi barədə qərar düzgün deyildir. Belə ki, X12 istintaq başa çatanadək Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu səbəbdən də Bakı İstintaq Təcridxanasında borcludan pulun tutularaq onun bank hesabına köçürülməsi mümkün olmayacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: X4 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borclu X8 barəsində heç bir araşdırma aparmadan şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, X8 əvvəllər Bakı İstintaq Təcridxanasında saxlanılsa da, daha sonra məhkəmənin müvafiq qərarı ilə sərbəst buraxılmışdır. Belə olan halda, Abşeron Rayon Məhkəməsinin 8(012)- 142/2021 saylı, 09.02.2021-ci il tarixli qarardadı və Abşeron rayon İcra və probasiya şöbəsinin 07.12.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunmuşdur. X4 və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməyərkən borclu fiziki şəxs olaraq hazırda istintaq təcridxanasında olduğundan icra məmurunun qeyd edilən qərarı qəbul etməsində hər hansı qanun pozuntusuna yol verilməməsinə və şikayətin təmin olunması üçün əsasların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(012)-750/2020 saylı icra sənədinə əsasən X5 400 manat məbləğində pul tutularaq X9 ödənilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 07 dekabr 2020ci il tarixli qərarı ilə həmin icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Abşeron rayon İcra və probasiya şöbəsinə ünvanladığı 24.11.2020ci il tarixli məktubda X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılması qeyd olunmuşdur. X1 Bakı İstintaq Təcridxanasında saxlanılması, onu icra sənədini icra etmək məsuliyyətindən və borcu ödəmək öhdəliyindən azad etmir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 8(012)-142/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar