Məhkəmə qərarları › İş №8(105)-102/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-102/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-102/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Daştəmirov Balasoltan Cəmaləddin oğlu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli icra sənədinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli icra vərəqəsi icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin vaxtdan bir il sonra 25 avqust 2020-ci il tarixdə icra məmuru tərəfindən yerində torpaq sahəsi ölçülüb ona təhvil verilmiş və bundan sonra 12 oktyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Kadastr va Yerquruluşu Layihə va X6 Layihə və Təhqiqat İdarəsi tərəfindən Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin koordinatları barədə sxem tərtib edilərək ona verilmişdir. Həmin vaxtdan torpaq sahəsi ona təhvil verilməsinə baxmayaraq, borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır. Halbuki bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış, lakin bu şəxs dövləti saymayaraq qərarı icra etmir. İcra məmuru qətnaməyə izah verilməsi üçün məhkəməyə 3 dəfə müraciət etmiş, məhkəmənin hər qərarında torpağın şimal tərəfindən ölçülüb verilməsinə tələbkarın razı olduğu üçün izah verilməsindən imtina edilmişdir. Yəni borclu şəxs əlində olan həyat yoldaşına məxsus 0.57 ha torpaq sahəsinə olan cıxarışla 2.87 ha torpaq sahəsini zəbt edib və məhkəmə qərarını icra etmir, sonda da icra məmuru icra sənədini geri qaytarır. Dəfələrlə o, icra şöbəsinə getsə də icra məmuru müxtəlif bəhanələrlə icra sənədini icra etməmişdir. Nəticədə o, oğlunun ona vəsiyyət etdiyi torpaqdan istifadə edə bilmir. O, yuxarı İcra orqanına və məhkəməyə şikayət etdikdən sonra 28 avqust 2020-ci ildə torpaq ona akta əsasən təhvil verilmiş, lakin icra olunmamışdır. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarına əsasən borclu şəxs məhkəmə qərarının icra etmədiyi üçün 700 manat cərimə olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir, həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-nin 228- 232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia keçməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyala keçirilir. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadı ilə şikayət təmin edilərək “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması” barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli icra sənədinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadının ləğv edilməsi, Daştəmirov Balasoltan Cəmaləddin oğlunun şikayətinin rədd edilməsi, “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması” barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya məhkəməsinin 8(105)- 88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xaçmaz rayon icra və probasiya şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Belə olan halda Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi yenidən xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi icra məmuru Erol Kazımlının icraatına verilmişdir. Bundan sonra icra məmuru tərəfindən aşağıdakı tədbirlər qanunamüvafiq görülmüşdür: 1) İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində yenidən icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. Qeyd olunan tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, tələb olunan torpaq sahəsinin yerləşədiyi yerin coğrafi mövqeyi, koordinatları, bölgü sxemi göstərilmədiyi üçün mübahisə predmeti olan torpaq sahəsində iştirak etmək mümkün deyildir. Belə olan halda xx.xx.2022-ci il tarixdə tələb olunan torpaq sahəsinin yerləşdiyi yerin coğrafi mövqeyi, koordinatları, bölgü sxeminin göstərilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə izah verilməsi barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmiş və Xaçmaz Rayon Məhkəməsinin 8(067)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icra vərəqəsinin izah edilməsinə dair ərizə təmin edilməmiş və izah verilməsindən imtina olunmuşdur. Onlar tərəfindən qeyd olunan qərardaddan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İstər Xaçmaz Rayon Məhkəməsi, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsi icra vərəqəsinin izahı ilə bağlı icra məmurunun ərizəsini təmin etməyərək əslində icra işinin icrasının mümkün olmadığını özləri dolayısı yolla etiraf edirlər. Əgər izah vermək mümkün idisə, o zaman icra vərəqəsinə izah verərək mübahisənin sonlanması üçün icra məmuruna kömək edərdilər. İzah verilməməsi icra məmuruna sənədin geri ona vermiş orqana qaytarılması üçün tam əsaslardan biridir. 2) X2 ərizə ilə şöbəyə müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməsini xahiş etmiş və belə olan halda icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmiş və Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 8(067)-8/2023 saylı qərardadı ilə təqdimat təmin edilməmiş və sonradan qərardaddan apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Əgər icra vərəqəsi üzrə borclu kimi onun icraya maneçiliyi olsa idi, işin icrası üçün cəza tədbiri kimi onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilərdi. Lakin nə Xaçmaz Rayon Məhkəməsi, nə də ki, Sumqayıt Apellyasiya Məhkəməsi onun ölkədən getmək hüququnu əsassız olduğundan məhdudlaşdırmamışdır. 3) Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixində yenidən icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. İcra tədbirində "xxxx" MMC-dən nümayəndə iştirak etsə də, borclu tərəf həmin MMC-dən gələn mütəxəssisin qərəzli mövqedə olmasını və torpaq sahəsinə heç bir baxış keçirmədən əvvəlcədən şimal istiqamətdən ölçü koordinatlarının onda olmasını əsas gətirərək ölçü işlərinin aparılmasına narazılıq etmişdir. Belə olan halda icra tədbirinin icrası təxirə salınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixində yenidən icra tədbiri təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi dəvət edilmiş, bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tədbirdə iştirak etməmişdir. Bu barədə qeyd edir ki, ümümiyyətlə məhkəmələrdə özəl ekspertiza xidmətinin rəyləri nəzərə alınmamaqdadır. Belə ki, icra məmuru mütəxəssisin qərəzli olubolmamasını onun və digər şahidlərin yanında yoxlamış, hamının yanında məlum olmuşdur ki, pullu xidmət göstərən bu təşkilat qabaqcadan tələbkarın nümayəndəsi olan Nümayəndə ilə razılaşmış və aidiyyatı olmayan torpaq sahəsindən şimal hissədən ölçü işləri aparmışdır. Bu barədə şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Mütəxəssisin heç bir ölçü işləri aparmadan, müvafiq yerə baxış keçirmədən bu rəyi tərtib etməsi və rəyin əsasını təşkil edən sənədlərin düzgün olmaması onda şübhə yaratdığından onun tərəfindən yazılı etiraz edilmişdir və etirazı icra məmuru tərəfindən təmin olunmuşdur. Sonradan icra məmuru Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət etmiş, lakin həmin icra tədbirində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nümayəndəsi iştirak etməmişdir. Həmçinin Xaçmaz rayonu Gödəklikənd sakini X1 rayon Prokurorluğuna ünvanladığı mərhum oğlu Rəşid Daşdəmirova məxsus ünvan 2ən 0.57 ha pay torpaq sahəsinin Borclu tərəfindən özbaşına tutularaq zəbt edilməsi barədə ərizəsi aiddiyyət qaydasında Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırılmış, icraat materiallarında olan 04 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla əsassız hesab edilmiş, iddiaçının qərarlardan verdiyi şikayətlər məhkəmələr tərəfindən təmin edilməmişdir. Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırılmış icraat materiallarında olan 04 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan tam şəkildə məlum olur ki, o, torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsinin coğrafi yeri, mövqeyi, koordinatları məlum deyildir. Belə olan halda icra məmuru hər hansı bir icra tədbiri həyata keçirə bilməməkdədir. Azərbaycan Dövlətinin ixtisaslaşmış qurumu olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu torpaqla bağlı rəy verə bilməməkdədir. Belə olan halda bu məhkəmə qərarının icrası mümkün deyildir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinin tərkib hissəsinin təsir dairəsinə düşür. Xaçmaz Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Daştəmirov Rəşid Balasoltan oğlunun cavabdeh Borclu qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası təmin edilərək Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş materiallarında olan 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli icra vərəqəsindən görünür ki, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin Borclu alınaraq tələbkar Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 04 avqust 2020- ci il tarixli qərarından görünür ki, tələbkar Rəşid Daştəmirov vəfat etdiyindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 04 avqust 2020-ci il tarixli qərarı ilə ölmüş tərəfin hüquqi varisi ilə əvəz edilməsi qərara alınmış, Daştəmirov Balasoltan Cəmaləddin oğlu Daştəmirov Rəşid Balasoltan oğlunun hüquqi varisi müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcrası mümkün olmayan icra sənədinin geri qaytarılması” haqqında Qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən İcrası mümkün olmayan icra sənədi kimi Xaçmaz Rayon Məhkəməsinə geri qaytarılmışdır. Sözügedən Qərarın əsaslandırma hissəsindən görünür ki, əsaslandırmanın əksər hissəsini işin xronologiyası barədə olan məlumatlar təşkil edir. Daha sonra icra məmuru qeyd etmişdir ki, 28 mart 2023-cü il tarixdə icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. İcra tədbirində "xxxx" MMC-dən nümayəndə iştirak etsə də, borclu tərəf həmin MMC-dən gələn mütəxəssinin qərəzli mövqedə olmasını və torpaq sahəsinə heç bir baxış keçirmədən əvvəlcədən şimal istiqamətdən ölçü koordinatlarının onda olmasını əsas gətirərək ölçü işlərinin aparılmasına narazılıq etmişdir. Belə olan halda, icra tədbirinin icrası təxirə salınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə yenidən icra tədbiri təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi dəvət edilmiş, bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tədbirdə iştirak etməmişdir. İcra məmuru belə qənaətə gəlmişdir ki, dəfələrlə icra tədbirləri təyin edilməsinə və tərəfindən müvafiq icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində 0,57 ha torpaq sahəsinin koordinatları və hansı istiqamətdən verilməsi göstərilmədiyi üçün icra sənədinin icrası mümkün olmamış və bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış hallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin icrasının təmin etmək məqsədilə icra tədbirləri həyata keçirilməyə başlanılmışdır. İcra məmuru tərəfindən 28 mart 2023-cü il tarixdə icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş, qeyd edilən tarixdə icra tədbirində "xxxx" MMC-dən nümayəndəsi iştirak etsə də, borclu tərəf həmin MMC-dən gələn mütəxəssisin qərəzli mövqedə olmasını və torpaq sahəsinə heç bir baxış keçirmədən əvvəlcədən şimal istiqamətdən ölçü koordinatlarının onda olmasını əsas gətirərək ölçü işlərinin aparılmasına narazılıq etmişdir. Belə olan halda, icra məmuru tərəfindən icra tədbirinin icrası təxirə salınmış, daha sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə yenidən icra tədbiri təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti icra tədbirinə dəvət edilsə də, ekspert icra tədbirində iştirak etməmişdir. Belə olan halda icra məmuru icra tədbirləri təyin edilməsinə və tərəfindən müvafiq icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində 0,57 ha torpaq sahəsinin koordinatları və hansı istiqamətdən verilməsi göstərilmədiyi üçün icra sənədinin icrasının mümkün olmaması əsası ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək icra sənədinin məhkəməyə qaytarılması qənaətinə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan müddəasının mənasından göründüyü kimi icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədini məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. Lakin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, icra sənədinin icrası təyin edilmiş icra tədbirində Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin iştirak etməməsi səbəbindən mümkün olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin dəvət olunmuş icra tədbirində iştirak etməməsi icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması üçün əsas hesab edilə bilməz. Odur ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar