Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-102/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Qusar Rayon Məhkəməsinin 8(029)-11/2024-003 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) Borclu etibarnamə üzrə nümayəndəsi X1 ərizəsinin rədd edilməsi qərara alınmışdır. Borclu etibarnamə üzrə nümayəndəsi X2 qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası borclu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinin təmin edilməməsi qərara alınmış, bununla razılaşmayan borclu tərəfindən qərardaddan şikayət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən şikayət yoxlanılmamışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan prosessual qanunvericilik şikayət ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Hakim şikayəti əsaslı hesab edirsə, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında yeni qərardad çıxarır və işin sonrakı gedişi üçün müvafiq prosessual hərəkətlər edir. Əks halda şikayət baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərilir (MPM-nin 269.1-269.3-cü maddələri). Göründüyü kimi şikayətə ilkin baxmalı olan birinci instansiya məhkəməsi mövcud şikayətə baxmadan Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Məlum olduğu kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-nin 269-cu maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Borclu etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-102/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-102/2024
13.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver