Məhkəmə qərarları › İş №8(105)-103/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-103/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-103/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızının qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa tutulan 120 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Borclu xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin alınaraq Kürəbəyova Hicran Fəxrəddin qızına verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 4 ildən artıq müddət keçmişdir. 120 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Övladlarının hər ikisi məktəblidir. Maddi tələbatları gündən günə artır. Övladlarının maddi tələbatlarını çətinliklə qarşılayır. Maddi vəziyyəti olduqca pisdir. Cavabdeh Bakı şəhərində başqa şəxsin villasında yaşayaraq evin mühafizə və təsərrüfat işləri ilə məşğul olaraq, ayda 1000 manat civarında gəlir əldə edir. Lakin övladlarının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.70 faiz mislində müəyyən edilməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aydın Babayev) ərizə qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,50 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 01 sentyabr 2019-cu il tarixdən 250 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün müəyyən olunmuş aliment məbləği 2020-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Borclu həmin qərardaddan şikayət verərək, Quba Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(027)-41/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazirda işsizdir adına əmək müqaviləsi qeydiyyatdan keçməmişdir. Bütün bu halları nəzərə alaraq aliment məbləğinə indeksikasiya edilə bilməz. İşsizlik arayışını təqdim edir. Qarşı tərəf istinad etdiyi halları, gəlirinin artmasını sübut etməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadının ləgv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi Fərzəliyeva (Kürəbəyova) Hicran Fəxrəddin qızı şikayətə qarşı etiraz evrərək qeyd etmişdir ki, Borclu tərəfindən verilmiş şikayət ilə razılaşmır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin müəyyən olunmasından 4 ildən artıq müddət keçmişdir ki, həmin məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Bu səbəblə də o, qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəmə müraciət etmək məcburiyyəyində qalmışdır. Belə ki, övladlarının hər ikisi məktəblidir. Maddi tələbatları gündən günə artır. Övladlarının maddi tələbatlarını çətinliklə qarşılayır. Maddi vəziyyəti olduqca pisdir. X3 bronxlarında kəskin allergiya xəstəsidir. Nəfəs almada çətinlik çəkir, ayda bir neçə dəfə boğulma halları baş verir. Bununla əlaqədar mütamadi olaraq müalicə alır. Bəzi dərmanları yaşadığı Quba şəhərində tapılmadığından, Bakı şəhərindən sifariş ilə gətirtmək məcburiyyətindədir. Bir dərmanı 40-50 manat təşkil edir. Bundan başqa boğulma halı (tutmaları) baş verərkən Quba şəhərindən Qusar şəhərinə həkimə apararaq inqalyasiya aparatı vasitəsi ilə övladı Elmir Kürəbəyova müəyyən dərmanların verilməsi həyata keçirilir. Bundan başqa övladı qurdla bağlı müalicə alır. Bütün bunlar maddi vəsait tələb edir. Lakin Borclu övladlarının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Övladlarının gündəlik xərcləri və maddi tələbatları artmışdır. Borclu şikayət ərizəsində işsiz olduğunu qeyd edir. Bildirir ki, Əlyar Bakı şəhərində başqa şəxsin villasında yaşayaraq rəsmi əmək müqaviləsi olmadan evin mühafizə və təsərrüfat işləri ilə məşğul olur, ayda 1000 manat civarında gəlir əldə edir. Əgər Borclu işsizdirsə Bakı şəhərində hansı vəsait hesabına dolanır və iş yeri və maddi imkanı yoxdursa niyə Quba rayonu Susay kəndində yaşayan valideynlərinin yanında yaşamır?!. Borclu bu vaxta kimi könülsüz şəkildə alimentin ödənilməsi ilə kifayətlənmiş, övladları ilə maraqlanmamış, lakin Quba Rayon Məhkəməsinin qərardadına əsasən alimentin məbləği artırıldıqdan, indi uşaq tələbi və ya alimentin azaldılması barədə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi Borclu övladlarının mənafeyi, sağlamlığı, mənəvi və maddi ehtiyaclarının qarşılanması, eləcə də, təhsil və tərbiyyəsi maraqlandırmır. 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 246 manat nəzərdə tutulmuşdur. Halbuki, Quba Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(027)-41/2025 saylı qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,50 misli həddində (yəni 200 manat) indeksasiya olunması qərara alınmışdır. Ona görə də göstərilənləri nəzərə alaraq, Borclu tərəfindən verilmiş şikayətin rədd edilib, Quba Rayon Məhkəməsinin 07 mart 2025-cü il tarixli 8(027)-41/2025 saylı qərardadını qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması hissəsində dəyişdirilməli, indeksasiya olunmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)1717/2020 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Borclu xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq Kürəbəyova Hicran Fəxrəddin qızına verilməlidir. Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-ci il sentyabr 1-dən 250 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)1717/2020 saylı qətnaməsi ilə alimentin məbləği 120 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 250 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,48 (120:250=0,48) həddində müəyyən edilmiş olur. Lakin birinci instansiya məhkəməsi alimentin məbləğinin minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması barədə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər uşaq üçün 120 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin hazırki minimum əmək haqqının 0.48 misli həddində artırılması onun maddi vəziyyəti həddən artıq ağırlaşacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı aliment məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması hissəsində dəyişdirilsin. İndeksasiya olunmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar