Məhkəmə qərarları › İş №8(105)-104/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-104/2020

11.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-104/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili X1 iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədi üzrə Borclu MTK-ya məxsus əmlak üzərinə həbsin qoyulması barədə təqdimatı üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfov təqdimatla məhkəməyə müraciət edərək Borclu MTK-ya məxsus ümumi sahəsi 54 kv.m olan 2 ədəd qaraj sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-279/2016 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icranı təmin etmək üçün Borclu MTK-nın adına olan ümumi sahəsi 54 kv.m olan 2 ədəd qaraj sahəsi üzərinə həbs qoyulmuşdur. (hakim C.Səfiyeva) Həmin qərardaddan Tələbkar şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayəti onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulan əmlak borclunun mülkiyyətində deyil. Məhkəməyə yanlış məlumat verilərək həmin əmlakın üzərinə həbs qoyulmuşdur. Ona görə də şikayət təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Tələbkar nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək əlavə etdi ki, üzərinə həbs qoyulmuş əmlakın mövcudluğunu təsdiq edəcək heç bir rəsmi sənəd yoxdur. Əgər üzərinə həbs qoyulmuş əmlak mövcuddursa daşınmaz əmlak olaraq rəsmi reyestirdə qeydə alınmalıdr. Əslində bu tədbir qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmağa xidmət edir. Ona görə də şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» AR Qanununun 45.1 və 45.2-ci maddələrinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Eyni Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Sadalanan normaların tələbinə əsasən daşınmaz və daşınar əmlakla bağlı borclu və digər şəxslərdə olan borcluya məxsus əmlak üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsi və əmlakla bağlı digər hərəkətlərin görülməsinin borclu və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək barədə tədbirlər görülə bilər. İşdən görünür ki, icra orqanı bocluya məxsus 2 ədəd qaraj sahəsinin üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət etsə də həmin daşınmaz əmlakın Borclu MTK-nın mülkiyyətində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda MTK-nın mülkiyyətində olması təsdiq olunmayan əmlaka həbs qoyula bilməz. Bu həmçinin, gələcək icra hərəkətlərini mümkünsüz edəcəyi kimi tələbkarın əmlak hüquqlarının da pozulması ilə nəticələnəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təqdimatı təmin etməklə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədi üzrə Borclu MTK-ya məxsus əmlak üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar