Məhkəmə qərarları › İş №8(105)-104/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-104/2024

26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-104/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadından tələbkar “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada ümumilikdə 7632,04 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X5 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin tələb təmin edilməmişdir. Borclular tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron icra" informasiya sistemi vasitəsilə müvafiq sorğular verilmiş, lakin onlarda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, 7432,04 manat borc ödənilməmiş qalmışdır. Borcluların icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, onların ölkədən getmək hüququnun borc məbləği tam ödənilənədək məhdudlaşdırılması zəruridir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı ilə (Ş.Həxiyeva) təqdimat təmin edilməmişdir.

4. Bu qərardaddan tələbkar “X5 Azərbaycan” QSC şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını, əks halda şikayətə baxılması üçün işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-444/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin 05 ay müddətinə icra edilməsinə möhlət verilməsinə dair verdiyi ərizəyə baxılması xx.xx.2024-cü il tarixə, saat 12:00-a təxirə salınmışdır. Göründüyü kimi Borclu1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4995/2019 saylı qətnaməsinin icra edilməsinə möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Belə olan halda, hazırkı təqdimatla məhkəməyə müraciət edilməsi yolverilməzdir. Bununla bağlı məhkəmə qeyd edib ki, borclunun icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərinin könüllü həyata keçirilməsindən yayınmasına dair sübutlar təqdimata əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edib ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə təqdimatı təmin etməmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın müvafiq bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdimatın rədd edilməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Sözügedən qərardadda təqdimatın təmin edilməmə səbəbi olaraq məhkəmə təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 444/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin 05 ay müddətinə icra edilməsinə möhlət verilməsinə dair ərizə ilə müraciət etməsini göstərmişdir. Bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-444/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4995/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. Hal-hazırda Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 6300 (altı min üç yüz ) manat ödənilməmiş qalıq borc mövcuddur. Həmin borcun tam ödənilməsinədək borcluların ölkədən getmək hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması zəruridir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

12. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir: Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

13. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

15. Ona görə də, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı tam, bununla bağlı 01 avqust 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı isə qismən ləğv edilərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.

17. Araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra vərəqəsinə əsasən, əsas borc üzrə 6363,39 manat, faiz borcu üzrə 653,65 manat, cərimə üzrə 600 manat, cəmi 7617 manat 04 qəpik məbləğində pul və ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

18. xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədinə əsasən icra icraatına başlanılmış, tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişlə Borclu1 və Borclu2 tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu1 xx.xx.2020-ci il tarixdə, Borclu2 isə xx.xx.2020-ci il tarixdə bildirişi aldıqlarını imzaları ilə təsdiqləmişlər.

19. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

20. Apellyasiya kollegiyası qeyd edir ki, təqdimatı rədd edən məhkəmənin mövqeyi iki istiqamətdə əsaslandırılmışdır:

21. 1. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin 05 ay müddətinə icra edilməsinə möhlət verilməsinə dair verdiyi ərizə olduğundan, habelə həmin ərizəyə baxılıb yekun qiymət verilənədək hazırkı təqdimatla məhkəməyə müraciət etmək yolverilməzdir.

22. Məhkəmənin bu hissədə mövqeyini əsassız hesab edən kollegiya qeyd edir ki, əvvəla borclu tərəfindən qətnamənin icrasına möhlət verilməsinə dair ərizə məhkəmənin icraatına yeni daxil olmuşdur. (icra edilməli sənədin tarixi xx.xx.2019) Yəni qətnamənin icrasına möhlət barədə ərizə icra sənədinin icraya yönəldiyi vaxtdan 5 il keçdikdən sonra verilmişdir. Bu hal özlüyündə həmin ərizənin məhz hazırkı təqdimatın rədd edilməsinə nail olmaq məqsədi ilə formal verildiyinə dair kifayət qədər əsas yaradır. Hətta bu hallar olmasa belə həmin ərizəyə dair məhkəmənin icraatında işin olması hazırkı təqdimatın rəddinə əsas ola bilməzdi. Belə ki, yenə işin araşdırılan halından bəlli olur ki, borclunun qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizəsi də müvafiq məhkəmə aktı ilə təmin edilməmişdir.

23. 2. Digər tərəfdən məhkəmə qeyd edib ki, borclunun icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərinin könüllü həyata keçirilməsindən yayınmasına dair sübutlar təqdimata əlavə edilməmiş, habelə borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Kollegiya bu hissədə də məhkəmənin mövqeyi əsaslı hesab etmir ona görə ki, təqdimata əlavə edilmiş borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Borclu1 dəfələrlə SMS bildirişlər göndərilsə də, sonuncu icra məmurunun çağırışlarına gəlməmiş, ona görə onun barəsinə axtarış elan edilmişdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, icra sənədinin verildiyi tarixdən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq borclu tərəfindən borc məbləğindən çox cüzi miqdarda ödəniş icra edilmişdir ki, bu hallar borclunun səmimi şəkildə dövlətin adından çıxarılan qərarın icrasında maraqlı olmasını istisna edir.

24. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən təqdimata, sonradan isə təqdimata baxılarkən sadalanan əhəmiyyətli hallar iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilməmiş, sözügedən qərardadın (möhlət verilməsindən imtina barədə) qüvvədə olub-olmamasına qiymət vermədən, əks yanaşmada isə icra məmurunun icra sənədi üzrə son hərəkətləri, o cümlədən icra sənədinin borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra etməməsinin səbəbləri araşdırılmamışdır.

25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı tam, bununla bağlı 01 avqust 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı isə qismən ləğv edilərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı yuxarıda göstərilmiş diqqətəlayiq hallar nəzərə alınmaqla yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı tam, bununla bağlı 01 avqust 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı isə qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Sumqayıt şəhər üzrə İcra idarəsi tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar