Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-104/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X2 tərəfindən alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)-58/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim S.Məmmədov) ərizənin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1608/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,64 misli həddində indeksasiya olunması, qərardadın icrasının Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 8(027)-58/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadından verdiyi şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1608/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, oğlundan onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsində xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 160 manat sabit məbləğində alimentin tutulması barədə xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin həmin vaxtdan bu günə kimi övladını ona göstərməmişdir. Hal-hazırda onun rəsmi heç bir işi və ya gəliri yoxdur, fəhlə işləməklə dolanır. O, həmçinin uzun illərdir onkoloji xəstə olan valideyninə baxır. Quba Rayon Məhkəməsinin qəbul etdiyi qərardad ədalətsiz olduğundan işə obyektiv və hərtərəfli yanaşılaraq yenidən baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin təmin edilməsini aliment məbləği 2021-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Günel Pənahova ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1608/2021 tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Maraqlı şəxs tutulan hər ay bir uşağa görə tutulan cəmi 160 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının indeksasiya olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Maraqlı şəxs şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli və onunla bağlı 02 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-104/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-104/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver