Məhkəmə qərarları › İş №8(105)-105/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-105/2020

11.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-105/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Tələbkar X1, Borclu və vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimatın rədd edilməsi qərara alınmışdır. (hakim E.Məmmədov). Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv olunaraq, icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv olunaraq icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, həmin qərardaddan şikayət verilməsi mümkündür. Məhkəmə isə qeyd olunan halı nəzərə almayaraq, prosessual hüquqlarını pozmuşdur. Buna görə də şikayət təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Borclu və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında tələbkar X2 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon İcra və Probasiya Şöbəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, Borclu şikayətini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosesual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində də həmin hüquq təsbit olunaraq qeyd edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin təcrübəsində bu hüquq 6-cı maddənin konteksində qeyd olunanlardan daha geniş şərh olunur. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. AR Konstitusiya Məhkəməsi Plenumu “AR MPM-in 231.4-cü maddəsinin şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edir ki, MPM-in 231.4-cü maddəsinin müddəaları tərəflərdən hər hansı birinin şikayət vermək hüququnu məhdudlaşdıran norma kimi qəbul edilməməlidir. Həmçinin, qərarda MPM-in həmin maddəsində təsbit olunmuş qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq, işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququ təsbit olunmuşdur. Başqa sözlə, AR MPM-nin 231.4-cü maddəsi qeyd olunan tələblərin təmin olunub-olunmamasından asılı olmayaraq, istisnasız özündə şikayət vermək hüququnu ehtiva edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayət geri qaytarmaqla prosessual hüquq normalarına riayət etməmiş, borclunun məhkəmə müdafiə hüququnu pozmaqla qanunsuz və ədalətsiz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar