Məhkəmə qərarları › İş №8(105)-105/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-105/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-105/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğvinə dair X2 tərəfindən verilmiş şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-282/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarın ləğv edərək icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1980/2014 saylı, xx.xx.2014-cü il qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətlərin davam etdirilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov) Borclu qeyd edilən qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, borclu kimi hesab edir ki, icra məmurunun qərarı əsaslı olmuşdur. Borcluda tələbin yönəldilə biləcəyiəmlak və gəlirlər olmadığına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyinə görə icra sənədinin geri qaytarılması qanuni olmuşdur. Məhkəmə icraçısı tərəfində bütün lazım olan məcburi icra hərəkətləri həyata keçirilmişdir. Barəsində iki dəf əinzibati həbs tətbiq edilmişdir. Məhkəmə maddi normaları pozmuşdur.Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin İş № 8(060)-282/2023, xx.xx.2023-cü il tarixli qəradadının ləğv edilməsi, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarının qanuni hesab edilməsi haqqında qəradada qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 282/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1980/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Cavabdeh böyük icra məmuru Orxan Məmmədovun xx.xx.2023-cü il tarixli qərarında Borclu borca yönələcək əmlakının aşkar olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. “İcra haqqında” Azərbycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılmasının əsasları və qaydası müəyyən edilmişdir. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədi onu qəbul etmiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Eyni qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Yenə həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirinin növləri sadalanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. İşdən görünür ki, hazırkı icra sənədi üzrə məcburi icra tədbirinin tətbiqi üçün göstərilən 3 əsas da mövcuddur. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Kollegiya qeyd edir ki, borclunun icra sənədinin qaytarılması barədə qərarın ləğvinə dair qərardaddan şikayət verməsi tərəf olaraq onun icra sənədinin icra olunmamasında marağının olmasını ehtiva edir, dolayısı ilə, icra sənədinin qaytarılması borclunun ödəməli olduğu məbləğ üzrə məsuliyyətdən yayınması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla icra sənədinin icrasından yayınmaq üçün formal xarakter daşıyır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icra edilmədən geri qaytarılması məhkəmə aktını səmərəsiz və əhəmiyyətsiz edəcəkdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1980/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Cavabdeh böyük icra məmuru Orxan Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı əsassızdır, belə ki, icra məmuru öz qərarında digər icra tədbirlərinin həyata keçirilməsi, borcluya məxsus əmlak və gəlirin tərəflərindən müəyyən edilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil gətirməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İcra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1980/2014 saylı, xx.xx.2014-cü il qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətlərinin davam etdiririlməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400- maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası cü Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-282/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar