Məhkəmə qərarları › İş №8(105)-106/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-106/2023

19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-106/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-1024/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X1 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)- 1024/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini araşdıraraq hesab edir ki, X1 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, hazırki işdən görünür ki, mübahisə predmeti Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərardır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibatiiqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. ...Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, lakin üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-1024/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəyə birinci instansiya məhkəməsində mübahisəyə baxmış məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-1024/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-1024/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Tələbkara izah olunsun ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar