Məhkəmə qərarları › İş №8(105)-107/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-107/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-107/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədovun borclunun əmlakı üzərinə həbs qoyulmаsı barədə təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Honda ACCORD" minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1817/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9410 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Honda ACCORD" minik markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.

3. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimata dair izahat verərək qeyd etmişdir ki, borclu icra vərəqini icra etmir. Keçən dəfə borcluya borcunu ödəməsi üçün imkan yaradılmasına baxmayaraq borclu borcunu yenə ödəmədi. Bu səbəbdən hesab edir ki, təqdimat təmin edilməlidir.

4. Məhkəmə iclasında iştirak edən Borclu tədimata dair izahat verərək bildirmişdir ki, həftə sonu 500 manat, gələn həftə də 1000 manat ödəniş etmək fikri var. O, əslində maşını satıb borcunu tam bağlamaq istəyirdi, lakin alıcı sonradan razılaşmamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) təqdimat təmin edilmiş, Borclu mülkiyyətində olan “Honda ACCORD” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-762/2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Borclu mülkiyyətində olan “Honda ACCORD” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov təqdimatı təmin edilməmişdir. Həmin vaxtdan keçən 4 aydan çox müddətdə borclu tərəfindən borcun ödənilməsi yenə lazımi qaydada təmin edilməmiş, icra sənədi icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “Honda ACCORD” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmalıdır.

7. Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 saylı, 01 may 2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun müəyyən hissəsinin tələbkara ödənilməsi təmin edilsə də, son 4 ay müddətində səhhəti ilə bağlı olaraq müalicə xərclərinin artması səbəbindən icra sənədinin icrasını üzrlü səbəbdən təmin edə bilməyib. Buna baxmayaraq yaxın müddətdə borcluya 1500 manat ödəniş edəcək və yerdə qalan məbləği isə təqdimatla üzərinə həbs qoyulmalı olan avtomibilin satışından əldə olunan vəsait hesabına borcluya ödənilməsini təmin etmək niyyətdindədir. Hazırkı halda isə qeyd olunan avtomobilin üzərinə həbs qoyulması nəticəsində avtomobili satıb borcluya ödənilməli olan vəsaiti ödəmək imkanından məhrum olmuşdur. Qeyd olunanlara əsasən də borclunun əmlakının üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatının təmin edilməsinə dair qəbul edilmiş qərardadı qanunsuz və əsassız hesab edir. Hesab edir ki, məhkəmə təqdimatın təmin edilməsinə dair qərardad qəbul edərkən hazırkı şikayətin 3-cü bəndində göstərilən halları və əsasları nəzərə almamış, bununla da məhkəmə tərəfindən “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsi düzgün tətbiq edilməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. (...) 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. (...)

13. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

22. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (“İcra haqqında” Qanunun 45.1-ci maddəsi).

23. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (“İcra haqqında” Qanunun 50.2 və 50.4.1-ci maddələri).

24. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, bu məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində borclu icra sənədinin tələblərini könüllü şəkildə təmin etməmiş, icra sənədi icrasız qalmışdır. Odur ki, kollegiya icra məmurunun mövcud təqdimatını əsaslı hesab edən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

26. Kollegiya həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci maddəsinə görə, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu icra sənədini icra etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar