Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-108/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Borclu iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 8(012)-189/2021 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 8(012)-189/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı təmin edilmiş, xx.xx.1982-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmış, Borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(85)-181/2018 saylı, 18.09.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-181/2018 saylı, 18.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 19000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi 24.07.2019cu il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Hazırda borc 14825 manat təşkil edir. Borclu ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu fiziki şəxs icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, böyük icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, 24.07.2019-cu il tarixdə onun ünvanına çağırış və bildiriş göndərilmiş, tələbin könüllü icrası ilə bağlı dəfələrlə xəbərdar edilmiş, o, şöbəyə dəvət olunsa da, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmiş və aparılmış icra tədbirləri nəticəsində onun ölkəni tərk etmək niyyətinin olduğu aşkarlanmışdır. Qeyd edilənlər bu hallar tam əsassızdır. O, icra məmurunun çağırışlarını nəzərə alıb hər dəfə icra şöbəsinə getmişdir. Həmçinin iş üzrə borclu olduğu məbləği də hissə-hissə ödəmişdir. Bunu təsdiq edəcək ödəniş qəbzlərini də qərardaddan şikayətinə əlavə etmişdir. Hətta icra məmurunun özünün verdiyi xəbərdarlıq məktubunda da borc məbləğindən 4200 manat məbləğin ödənildiyi öz təsdiqini tapmışdır. Xəbərdarlıq məktubundan sonra onun tərəfindən 500 və 300 manat olmaqla, cəmi 800 manat ödəniş ödənilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən əsassız təqdimatla məhkəməyə müraciət edilmişdir. Onun ölkəni tərk etmək niyyətinin olmasını təsdiq edəcək hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. O, məhkəmə mübahisələri gedən vaxtdan bəri ölkə ərazisini bir dəfə də olsun tərk etməmişdir. Bu səbəbdən də onun ölkəni tərk etmək hüququnun məhdudlaşırılmasını əsassız hesab edir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu şikayətdə göstərilənlərə uyğun izahat verdi. Tələbkar X3 və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tələbkar məhkəmə iclasına gəlmədiyindən, Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, təqdimata aidiyyəti üzrə baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-181/2018 saylı, 09.07.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 19000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun 24.07.2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-181/2018 saylı, 18.09.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatını icraata qəbul etmiş və təqdimata mahiyyəti üzrə baxaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, işə mahiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmış və icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından görünür ki, icra məmurunun hazırki təqdimatı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun hazırki təqdimatına kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən halları araşdırmamış, hazırki təqdimata baxmağa hüququ olmadığı halda, təqdimata mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə təqdimata, buna baxmağa hüququ olmayan məhkəmə tərəfindən baxıldığı üçün şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, təqdimata aidiyyəti üzrə baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 397, 398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Borclu şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 8(012)-189/2021 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun təqdimatına aidiyyəti üzrə baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-108/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-108/2021
18.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver